İyunun 11-i günorta saatlarından başlayaraq Qubada yağan güclü yağış çaylarda suyun səviyyəsini artırıb, sel təhlükəsi yaradıb.
Bakıvaxtı.az xəbər verir ki, Vəlvələçayda yaranan sel suları çayın kənarında Təngə dərəsi adlanan ərazidə yerləşən istirahət mərkəzinin bəzi avadanlıqlarını aparıb. Bundan başqa, yağış nəticəsində yaranan sel suları dağlıq kəndlərdə həyətlərə dolub, Yuxarı Digah kəndində isə daş hasarı uçurub.
Ümumiyyətlə, ölkəninn ayrı-ayrı rayonlarda da olan sel təsərrüfata nə kimi ziyanlar vurur? Sel bazarda qiymət artımı yarada bilər?

Cəfər İbrahimli, kənd təsərrüfatı məsələləri üzrə ekspert
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycanda yağışların çox düşməyinin əkinlər olan sahələrə heç bir mənfi təsiri yoxdur: “İndi daha çox arpa biçim vaxtıdır, bir neçə gün sonra buğda biçiləcək. Yağış və sel yetişkənlik dövründə yağdığı üçün sadəcə, məhsulun ləngiməsinə və keyfiyyətinə təsir edə bilər”.
Ekspert qeyd edib ki, bəzi yerlərdə daşmalar baş veribsə, lokaldır və xırda ərazilərə təsir edə bilir.
Onun fikrincə, bu, ciddi şəkildə məhsulların formasının dəyişməsinə və ya kənd təsərrufatı məhsullarının qiymətinin artmasına gətirib çıxarmaz. “Baş verən hadisələr bazarda qiymət dəyişikliyi yaradacaq qədər böyük və ciddi deyil”, - deyə Cəfər İbrahimli qeyd edib.
Aytac Aslan
















