Türkiyədə təhsil almış azərbaycanlı məzunların “TEKNOFEST” Müşahidə Şurasının sədri və Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) rəhbəri Səlcuq Bayraktarla görüşü olub.
Bakıvaxtı.az xəbər verir k, tədbirin açılışı Azərbaycan və Türkiyənin himnlərinin səsləndirilməsi ilə baş tutub.
Görüş zamanı Azərbaycan-Türkiyə qardaşlığının tarixi əhəmiyyətindən və əlaqələrin bundan sonra daha da gücləndiriləcəyindən danışılıb.
Səlcuk Bayraktar bildirib ki, "Teknofest" tədbiri Azərbaycanda ilk dəfə təşkil edilir: "Bu tədbir Türkiyədə artıq 5-ci dəfədir keçirilir. Tarix boyunca inkişaf etdirdiyimiz dostluq və qardaşlıq, inşallah, bundan sonra daha da gücləndiriləcək.
Biz qədim tarixə getdiyimizdə də Azərbaycan-Türkiyə mədəniyyət birliyinin şahidi oluruq. Mədəniyyət Şərqdə başlasa da, bu gün təəssüf ki, Qərbin texnologiya sahəsində Şərqə nisbətdə daha çox inkişaf etdiyini görürük. Lakin artıq bu düşüncə tərzimizi dəyişib, daha çox irəli gedəcəyik".
Bayraktar bildirib ki, Qarabağ müharibəsindəki qalibiyyətidən bütün dünya mətbuatı yazdı: "Biz Qarabağ müharibəsini "Tək Vətən" hərəkatı adlandırdıq. Qarabağ müharibəsindəki qalibiyyətimiz barədə bütün dünya danışdı. Texnologiyamız sayəsində dünyada ilk dəfə bir müharibəni Türk ordusu qazandı. Güclü silahların istifadə edildiyi döyüşləri texnologiya sayəsində qazandıq. Beləliklə, sübut etmiş olduq ki, texnologiya sayəsində biz, yəni Türk ordusu dünyada bir ilki bacarmış olduq".
Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) başqanı Abdullah Eren çıxışı zamanı Azərbaycan və Türkiyəni bir qartalın qanadlarına bənzətdiyini bildirib: "Qarabağ müharibəsindən sonra Türkiyə və Azərbaycan münasibətləri daha da ruhlandı, gücləndi. Bundan sonrakı dönəmlərdə də bu ruhu qoruyacağıq. Türkiyə məzunları Azərbaycan -Türkiyə münasibətlərinin ən önəmli nişanəsidir".
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı isə qeyd edib ki, texnologiyamızı inkişaf etdirə biləcək və bunu dünyaya sübut edə biləcək bir nöqtəyə gəlmişik: "Bu coğrafiyanın tarixi sağlamdır. Azərbaycanın Türkiyədəki məzunları iki ölkə arasındakı nişanədir. Qarabağ müharibəsindən sonra imzalanan Şuşa Bəyannaməsi ilə də təsdiq olundu ki, Türkiyə-Azərbaycan münasibətləri hər keçən gün daha da möhkəmlənəcək. Bundan sonra Azərbaycan və Türkiyə olaraq öhdəmizə milli texnologiya təşəbbüsündə birgə texnologiya inkişaf etdirə bilmək düşüb".
Nuranə Daxilqızı





























