Sosial şəbəkələrdə içki içib sərxoş vəziyyətdə qəbiristanlıqda yasin oxuyan mollanın videogörüntüləri yayılıb.
Bakıvaxtı.az xəbər verir ki, söhbət Qaraçuxur qəbirstanlığının mollası iddia edilən Qürbət adlı şəxsdən gedir. Görüntülərdə "Hacı" deyə müraciət edilən şəxsin əvvəlcə hansısa kafedə içki içdiyi, daha sonra isə qəbiristanlıqda göründüyü əks olunur.
İctimaiyyətdə birmənalı qarşılanmayan bu mənzərə dini inancı olan insanları da hiddətləndirib.
Hətta sosial şəbəkələrdə molla statusu daşıyan Qürbət adlı şəxsin Qaraçuxur qəbiristanlığından qovulması kimi çağırışlar da edilib.
Bakıvaxtı.az-ın məlumatına görə, milli.az xəbər verir ki, məsələ ilə bağlı bizim.media qəbiristanlığa cavabdeh qurum olan Qaraçuxur bələdiyyəsi ilə əlaqə yaradıb.
Bələdiyyə sədri İxtiyar Nəcəfov sözügedən şəxsin qəbiristanlığın mollası olmadığını deyib:
"O küçədə dayanır və rəhmətə gedənlər üçün yasin oxuyur. Həmin görüntüləri görməmişəm, amma belə bir videonun olduğunu eşitmişəm. O şəxsi qəbirstanlıqdan yalnız hüquq-mühafizə orqanları uzaqlaşdıra bilər. Bizə aidiyyəti yoxdur".
Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev isə cavabında məsələnin həlli üçün bələdiyyə sədrinin quruma müraciət etməli olduğunu bildirib.
















