Fevralın 1-dən Milli Məclisin yaz sessiyası başlayır.
Son iki il Azərbaycanın ictimai-siyasi həyatında bir çox mühüm və qaynar hadisələrlə yadda qalıb. Bu baxımdan ölkədə gedən proseslərdə, qanunvericilik bazasının təkmilləşdirilməsi prosesində Milli Məclisin fəaliyyəti də göz önündə olub.
Məlumdur ki, parlamentin fəaliyyəti, deputatların çıxışı daim ictimaiyyət üçün maraq kəsb edib.
Bəzi millət vəkilləri var ki, onları hətta “lal” və ya “əlçatmaz” deputat da adlandırırlar.
Bakıvaxtı.az olaraq səsini eşitmədiyimiz deputatları media qurumlarının parlament müxbirlərindən soruşduq:

Oxu.az-ın əməkdaşı Aqşin Kərimov:
“Deputatların heç də hamısı inadkar işgüzarlıq nümayiş etdirən kateqoriyaya aid deyillər, belələri üçün parlament iclasları yalnız və yalnız formal xarakter daşıyır.
Onları da iki qrupa bölmək olar: İclasa zülmlə gələnlər, iclasa həvəslə gəlib iclas bitməmiş parlamenti tərk etmək istəyənlər.
Düzü, dəqiq məlumatımız da yoxdur ki, kimlər iclasa gəlmir, amma yəqin ki, belə deputatlarımız var və onlar da öz passiv mövqelərinin mövcudiyyətlərini qoruyub saxlayırlar.Bir qisim deputatın işi isə lap zülmdür, iclasa çox həvəssiz gəlir, sanki zorla iclas zalına daxil olurlar, “bu iclas bitsəydi, çıxıb gedərdik” deyir.Bir qisim deputata isə fərqi yoxdur, iclas saat 5-ə qədər davam etdiyi zamanlarda da kreslosuna bərk oturur və çıxış etmək üçün can atır”.

Sfera.az saytının əməkdaşı Əzizə Zeynal:
“Səsini eşitmədiyim yox, cavab almaqda çətinlik çəkdiyim deputatlardan Rasim Musabəyovun, Tural Gəncəliyevin adını çəkə bilərəm. Etibar Əliyevlə də əlaqə yaratmaq müşkül məsələyə çevrilib, jurnalistlərdən gen gəzir, şəxsinə qarşı tənqid görən kimi dostluqdan çıxarır. İclaslarda isə Oqtay Əsədovun çıxışını, daha doğrusu səsini eşitsək yaxşı olardı. Əslində deputatların işləmə prinsipi də bu xüsusda ikitərəflidir. Elə deputat var ki, iclaslarda aktiv çıxış edir, lakin media üçün elə də əlçatımlı deyil. Məsələn, Tahir Mirkişili plenar iclaslarda, komitə iclaslarında aktiv olsa da, açıqlama almaq problemə çevrilir. Millət vəkilləri bəzən unudur ki, media onların ictimai şəxs kimi imicinin formalaşmasında əsas və başlıca amildir. Bilmirəm nə qədər uyğun olacaq, lakin belə bir deyim var: “övlad ailənin güzgüsüdür”. Mətbuat nümayəndələri də digər sferalarda olduğu kimi parlamentin, parlamentarilərin güzgüsüdür. Yaxşı olardı ki, deputatlar bu güzgünün arxasında yox, önündə olsunlar”.

Modern.az-ın əməkdaşı Aysel Aslan:
“Milli Məclisin yaz sessiyası çərçivəsində komitə iclasları başlayıb. Artıq fevralın 1-dən plenar iclaslara start verilir. Hər sessiyada olduğu kimi, ötən sessiyada da demək olar ki, eyni parlamentarilərin çıxışlarını gördük, təkliflərini eşitdik. Şəxsi müşahidələrimə görə, ötən sessiyada spiker və vitse-spikerlərdən sonra ən çox çıxış edən deputatlar Fazil Mustafa, Razi Nurullayev, Vahid Əhmədov, Əli Məsimli, Zahid Oruc, Tahir Mirkişili, Musa Quliyev və Etibar Əliyev oldu. Qanun layihələrinə əlavə və dəyişikliklərin müzakirəsi zamanı onların təkliflərini, əlavələrini və hətta iradlarını səsləndirdiyini gördük. Görünür ki, 2020-ci ildə növbədənkənar seçkilər zamanı ilk dəfə parlamentdə təmsil olunmaq hüququ qazanan namizədlərdən ən aktiv olan Razi Nurullayevdir. Yeni deputatların çoxunun Milli Məclisdə səsini eşitməmişik. Mətbuatla əlaqələr baxımından isə problem yaşadığım deputat olmayıb. İstər birbaşa deputatların özləri ilə əlaqə saxlamaq, istərsə də köməkçiləri vasitəsilə müəyyən qədər suallarımıza cavab ala bilmişik. Yeni sessiyada deputatlarımızın jurnalistlərlə daha sıx kontaktda olacağına ümid edirəm”.

Anews.az saytının əməkdaşı Gülnar Baxşıyeva:
“Mənim üçün parlament bir məktəb görüntüsü xatırladır. Necə ki, məktəbdə dərs oxuyan uşaqlar həmişə cavab verməyə maraqlı olur, oxumayan isə əksinə “bu dərs tez bitsəydi, gedərdim” deyir ha, bax elə. Parlamentdə elə deputatlar var ki, “iclas bitsəydi, tez gedərdim”, “ayın axırı olsaydı, maaşımı alardım” təsəvvürünü yaradır. Bəzi deputatların adları parlament siyahısında olsa da özlərini görmək xəyalımız hələ də qalır. Mediaya açıq olmayan kifayət qədər deputat var. Adlarını saymaqla bitməzlər. Hətta bəziləri media arasında fərq qoyur ki, mən bura açıqlama verim, ya verməyim. Bəzi deputatların qəbuluna düşmək isə tamam müşkül məsələdir. Maraqlıdır, jurnalist deputatı tapa bilmirsə, vətəndaş o deputatı necə axtarıb dərdini deyir, görəsən? Hətta bir dəfə bir deputat mənə irad bildirmişdi. Zəng etdim sual verdim, qayıtdı ki, köməkçimə zəng elə. “Tanımıram” deyəndə, mənə dedi ki, sən necə parlament müxbirisən ki, mənim köməkçimi tanımırsan. Ondan sonra oturub bütün deputatların köməkçilərinin adlarını əzbərləməyə başladım və həmin vaxt öyrəndim ki, deputat Aydın Mirzazadə ilə Tahir Kərimlinin sən demə, heç köməkçisi də yox imiş”.

Ölkə.az-ın əməkdaşı Murtuza Bünyadlı:
“Az sayda deputat var ki, iclaslarda aktiv iştirak edir və medianın suallarını operativ cavablandırır. Bir sıra millət vəkilləri isə ara-sıra da olsa sorğuları cavablandırır. Lakin aralarında elələri var ki, onlar tamamilə əlçatmazdır.
Bunlardan Malik Həsənov, Madər Musayev, İmamaverdi Süleymanov, Ülviyyə Həmzəyeva, Cəbi Quliyev, Anatoliy Rafailov, Mixail Zabelini misal göstərə bilərəm”.

1news.az-ın əməkdaşı Qafar Ağayev:
“Milli Məclisin iclasında qanun layihələrinin müzakirələri zamanı demək olar ki, eyni deputatlar danışır. “Bəzi deputatların isə Mill Məclisdə varlığı ilə yoxluğu hiss olunmur. Bəlkə də onlar öz seçiciləri ilə görüşlər keçirir və fəaliyyətlərinin bununla da yekunlaşdığını düşünürlər. Amma ən azından müzakirə edilən məsələlərlə bağlı da fikirlərini bildirməlidirlər. Elə deputatlar var ki, seçiləndən sonra müzakirələr zamanı bəlkə də heç danışmayıb, hansısa təklif irəli sürməyiblər. Bəlkə də onlar söylədikləri fikirlərinin geniş müzakirə səbəb olacağından qorxaraq, susqunluqlarını qoruyub saxlayırlar. Amma həmin “susqun” deputatlar nəzərə almalıdır ki, onlar Milli Məclisdə yalnız seçildikləri dairələri deyil, Azərbaycan xalqını təmsil edirlər. Ona görə də önəmli məsələlərlə bağlı təklif verməli, müzakirələrdə aktiv iştirak etməlidirlər”.

Sonda isə müəllif olaraq bildirmək istəyirəm ki, millətin vəkili seçilən şəxslər üçün “əlçatmaz”, “səsi eşidilməyən” ifadələrinin işlənməyi sadəcə utancvericidir:
“Ölkənin qanunverici orqanı olan Milli Məclis üzvləri arasında barmaqla sayılası qədər iclaslarda fəal iştirak edən, təkliflər irəli sürən, qanun layihələrinə aktiv reaksiyalarını bildirən və ən əsası medianın sorğularına operativ cavab verən deputat var.
KİV-dən gələn sualları operativ cavablandırdıqları üçün Fazil Mustafa, Razi Nurullayev, Aqil Abbas, Sabir Rüstəmxanlı, Vahid Əhmədov, Vüqar İsgəndərov, Arzu Nağıyev, Vüqar Bayramov, Zahid Oruc, Tahir Kərimli, Cavanşir Paşazadə, Cavid Osmanov, Rüfət Quliyev, Elman Nəsirov, Məlahət İbrahimqızı fəaliyyətini yüksək qiymətləndirdiyim millət vəkillərindəndir.
Lakin bir sıra millət vəkilləri də var ki, media qurumu arasında ayrıseçkilik edir. Onlardan ən çox yadda qalanı deputat Rasim Musabəyovdur. Anladığım qədəri ilə “rusdilli” olduğu üçün deputat ona ancaq rus dilində ünvanlanan sualları cavablaya bilir. Bir mövzu ilə bağlı Rasim Musabəyova zəng etmişdim və dedi ki, mən ancaq tanıdığım adamlara açıqlama verirəm. Bir millət vəkilindən bu sözü eşitmək insanda gülüş yaradır.
Komitə sədri olmamışdan əvvəl Tahir Mirkişili ilə əlaqə saxlamaq olduqca asan idi. Lakin artıq o da media nümayəndələri üçün “əlçatmaz deputatlar” siyahısındadır. Onu da qeyd etmək lazımdır ki, millət vəkili komitə və plenar iclaslarında aktiv fəaliyyət göstərir.
Xanım deputatlarla isə əlaqə saxlamaq ümumiyyətlə, müşkül məsələdir. Sevinc Fətəliyeva, Jalə Əhmədova, özü vaxtilə jurnalist olsa da Nigar Arpadarai, Tamam Cəfərova, Sevil Mikayılova, Könül Nurullayeva da mediaya qapalı olan deputatlardandır. Qeyd etməyim zəruridir ki, deputat Könül Nurullayeva media qurumları ilə yalnız yazılı məqalə göndərərək əlaqə saxlayır.
Kamilə Əliyeva, Sədaqət Vəliyeva, Kəmaləddin Qafarov, Ülvi Quliyev, Soltan Məmmədov, Nizami Səfərov, Anar İsgəndərov, İqbal Məmmədov, Ziyad Səmədzadə, Məşhur Məmmədov, Ağalar Vəliyev, Anar Məmmədov, Aqil Məmmədov, Ceyhun Məmmədov, İmamverdi İsmayılov ümumiyyətlə, səsini eşitmədiyim deputatlardandır.
Ən gənc deputat Səbinə Xasıyevanın isə səsini ilk dəfə ötən ilin payız sessiyasının son iclaslarından birində eşidə bildik.
Ümid edirik ki, növbəti sessiyadan adlarını qeyd etdiyimiz deputatların da səslərini eşidə, fəaliyyətini izləyə biləcəyik”.
Nuranə Daxilqızı
















