• Bakı 11° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Silahlanan Çin: Vaşinqtonun Çinlə bağlı əndişələrinin arxasında yatan səbəblər

SİYASƏT

05 Noyabr 2021 | 11:52

Silahlanan Çin: Vaşinqtonun Çinlə bağlı əndişələrinin arxasında yatan səbəblər

Çinin sürətlə silahlanması və hərbi gücün artırması ABŞ-ı ciddi narahat edir. Yaxın illərə qədər ABŞ-ın dünyada əsas hərbi rəqibinin Rusiya olduğunu düşünürdü. Ancaq Xalq Respublikası son illərdə hərbi sahəyə qoyduğu yatırımların sayını kəskin şəkildə artırıb. Çin ordusu yeni silahlar, supersonik raketlər, döyüş gəmiləri yaradıb.

Əslində Çin uzun min illik boyu “özünə qapanmış” dövlət olub. Çinlilər ölkələrini dünyanın mərkəzi hesab ediblər və bütün Çin imperiyalarının ölkə sərhədlərindən kənarda, qitənin digər tərəflərinə hərbi istila hədəfləri olmayıb. Hətta 15-ci əsr Çin dəniz kampaniyalarının da hədəfi yeni torpaq işğal etmək olmayıb. Onsuz da böyük olan ölkə kifayət edirdi. Sosialist Çininin son 50 ildə qeydə alınan iqtisadi böyüməsi bir zaman hərbi gücə də təsir edəcəkdi və bu nəhayət özünü göstərdi.

Əslində Çinin hərbi gücünü artırması bir mənada reallıq da hesab oluna bilər. Çünki dünyaya “səpələnmiş” sərmayənin həm də hərbi təminata ehtiyacı var. Təsadüfi deyil ki, Çin qitədən kənarda ilk xarici hərbi bazasını son illərdə ən çox yatırım qoyduğu Afrika qitəsində, dünya ticarət yüklərinin yarıdan çoxunun daşındığı Bab əl-Məndəb boğazının qarşısında – Cibutidə qurdu. Afrikanın az qala yarısında Çin sərmayəsi dolaşır və bu sərmayə əvvəl-axır güc istəyəcək.

Ancaq Çinin hərbi cəhətdən qüdrətlənməsi dünyanın supergücü olan ABŞ-ı da narahat edir. Bunun isə bir neçə səbəbi var. Birincisi, Çinin güclənməsi Asiya-Sakit okean regionunda ABŞ-ın müttəfiqlərini təhdid edir. Söhbət Tayvan və Yaponiyadan gedir. Yaponiya ilə Çinin hərbi qarşıdurması yaxın zamanda görünməsə də. Tayvanla bu risk hər keçən gün artır. Çin Tayvanı öz ərazisi hesab edir və əlbəttə, bir gün, güman ki, çinlilər üçün münasib zamanda Tayvana qarşı müdaxilə olacaq.

Bundan başqa, Asiya-Sakit okean regionu ölkələrində hələ 90-cı illərdə 500 milyard dollardan çox Çin sərmayəsi var və indi yəqin ki. bir neçə dəfə böyüyən bu sərmayənin arxasında Çinin hərbi gücünə ehtiyac olacaq. Bu isə Çinin rəqibləri, ABŞ-ın ənənəvi müttəfiqlərini birbaşa təhdid edir. Təsadüfi deyil ki, Obamanın son illərindən bu günə, təxminən 5 il ərzində 3 ABŞ prezidentinin əsas xarici siyasət fəaliyyəti Asiya-Sakit okean regionu ilə bağlı olub.

ABŞ rəsmiləri. Xüsusən də yüksək rütbəli hərbçilər isə Çinin hərbi təhdid olacağını düşünür və Pekinin hərbi gücünü artırmasını Vaşinqton üçün təhdid olaraq qəbul edirlər. Xüsusən də Pekinin nüvə proqramı, kiber texnologiyası, raket istehsalı və kosmik proqramını təhdid olaraq görür. Yeri gəlmişkən, amerikalılara görə Çin hazırda nüvə başlıqlarının sayını 1000-ə qədər artırmaq istiqamətində çalışır.

ABŞ ordusu nüvə silahları komandanı, eləcə də kosmik əməliyyatları idarə etmiş general Con Hayten çinlilərin silahlanma istiqamətində sürətini heyrət doğuran adlandırıb. General nüvə silahı arsenalına görə Rusiyanın öndə olduğunu, ancaq iqtisadi imkanları və silahlanmada apardığı modernizasiya səbəbi ilə Pekinin daha böyük təhlükə kəsb etdiyini bildirib. Və əlavə edib ki. əgər Amerika yaxın illərdə “lazımı addımlar atmasa” Çin hərbi gücünə görə Rusiya və ABŞ-ı keçəcək.

Amerikalılar ən çox qorxudan Çinin kosmosdakı fəaliyyətləri və quruda quraşdırılan qitələrarası raket sistemlərini (ICBM) inkişaf etdirməsidir. ABŞ kəşfiyyatının peykdən çəkilmiş kadrlarından görünür ki, Çin ərazisində hazırda 250 ədəd qitələrarası raket buraxılış mərkəzi var. Bu, daha əvvəl mövcud olan sayın 10 qatı deməkdir. Yeri gəlmişkən, ABŞ-ın hazırda aktiv 400 ədəd və 50 ədəd ehtiyat qitələrarası raket buraxılış qurğusu var.

Bu sürətli artım ABŞ-ı narahat edir. Dünyada əsas dəniz gücü hesab olunan ABŞ hazırda hərbi gəmilərin sayına görə Çindən geri qalır. Hazırda ABŞ hərbi dəniz qüvvələrinin balansında 490 aktiv hərbi gəmi olduğu halda, Çin donanmasında gəmi sayı 777-dir. ABŞ hələlik əsas hava qüvvələrində (ABŞ-ın 13233 ədəd hava gücünə qarşı Çinin 3260 təyyarəsi var) və təyyarə daşıyan (ABŞ-ın 11, Çinin isə 2 təyyarədaşıyan gəmisi var) gəmilər vasitəsilə donanmada qoruyub saxlayır. Amma bu hərəkətlilik Vaşinqtonu o qədər də razı salmır.

Belə görünür ki, qarşıdakı dövrdə ABŞ Çinlə silahlanma yarışına girəcək. Vaşinqton məhz silahlanma yarışı nəticəsində SSRİ-ni iqtisadi cəhətdən zəiflətdi. İndi isə Vaşinqton Çinin sürətlə silahlanmasına qarşı dayanmalıdır. Ancaq SSRİ-dən fərqli olaraq qlobal sərmayənin “vətəni” olan Çin ABŞ-a qarşı ideoloji düşmən münasibəti göstərmir. Yəni hətta Asiya-Sakit okean regionunda başlayan ajiotajın fonunda belə hələlik planet növbəti “soyuq müharibə” Astanasında deyil. Lakin o da var ki, Çin bu qədər silahı özünümüdafiə məqsədi ilə almır, günü gündən böyüyən Pekinin tədricən “qınından” çıxması qaçılmaz olacaq. Bu isə ilk növbədə qonşuluqdakı münaqişə ocaqlarının yenidən alovlanması deməkdir. Deməli çox yaxın zamanda olmasa da, Sakit okeanda “suların isinməsi”nin şahidi olacağıq.

Analitik şöbə 
Bakıvaxtı.az

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026