- Əvvəllər oğlanlar belə yaşlıların yanında siqaret çəkməzdilər. Amma indi qızlar siqareti çəkib tüstüsünü üzümüzə pülüyürlər.
- Fikir verirsən, siqaret çəkən qızların sayı gündən günə artır.
Dayanacaqda iki yaşlı qadın kənarda siqaret çəkən qıza baxıb bir xeyli danışdılar. Qız siqaretin kötüyünü zibil qabına atıb gedəndən sonra da mövzu davam etdi...
Statistikaya görə, Azərbaycanda hər 66 qadından biri siqaret çəkir. Bəs siqaret çəkən qadınların artmasına səbəb nədir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan "EDERRA" Psixo Nevroloji ve Reabilitasiya Mərkəzinin baş psixoloqu Rafiq Allahverdiyev bildirib ki, yeniyetmə və gənclərdə, xüsusilə qızlarda siqaretə, tütünə meyilliliyin artmasının əksər səbəbləri sırf sosial-psixoloji olmur. Bəzi hallarda insanların fikir vermədikləri, önəm vermədikləri hətta müzakirə etmədikləri bir fizianatomik səbəblər insanlarda müəyyən asılılıqlara şərait yaradır.
Onun fikrincə, yeniyetmə və gənc qızlarımızda siqaretə və tütün istifadəsinə meyilliliyin yaranma səbəblərindən ən birincisi qızlarda endokrin sistemində problemin yaranmasıdır. Həmçinin, ürək-əzələ sistemində dizfunkional hallar əmələ gələndə qızlarda siqaretə meyl artmağa başlayır: "Oğlanlardan fərqli olaraq qızlarda estrogen hormonu olur. Bu səbəbdən qızlarda tütünə və qətrana meyl artır. Və cəmiyyətdə bu kimi hallara qadağa az olanda, imkan və sərbəstlik veriləndə qızlar onu çətin əldə etmirlər. Yəni, onlara siqaret əldə etmək asan olduğundan avtomatik insan psixikası siqaretə meyllənir".
Psixoloq əlavə edib ki, qadağa məhdudiyyət, qınaq, tənbeh artıq bu gün bizim cəmiyyətimizdə öz nüfuzunu itirib: “Təxminən 13 yaşından 17-18 yaşına qədər olan qızlarda abır və utanc hissi azalır,, maksimalizm güclənir. Yəni ki, çox əziyyət çəkmədən, vaxt itirmədən istədiyini tez əldə etmək düşüncəsi daha da artır”.
Müsahibimiz bildirir ki, maksimalizm artanda isə intellekt səviyyəsi aşağı düşür: "İntellekt səviyyəsi yaxşı oxumaq, yaxşı təhsilli olmaq demək deyil. İntellekt səviyyəsi insanın qarşısına qoyulan tapşırığı məqsədə uyğun formada həyata keçirmə bacarığıdır. İntellekt səviyyəsi aşağı olanda sosial norma və dəyərlərə üstünlük veriləndə, yəni bu gün cəmiyyətdə “bu cür geyinmək dəbdir”, “belə saç düzümünə bu cür baxırlar”, “cəmiyyətdə belə geyinsəm ayıbdır” və kimi bayağı normalar artdıqca qızlarımızda endokrin sistemində pozulma əmələ gələcək. Ona görə də avtomatik olaraq orqanizm xüsusilə də qız, qadın orqanizmi tütünə və asılılıq yaradan vərdişlərə meyillənir.
Rafiq Allahverdiyev: Qızların siqaret istifadə etməsi menstruasiyada pozuntu və gecikmələr əmələ gətirir
R.Allahverdiyev bildirib ki, zamanla zövqlə reallıq arasında uçurum əmələ gəlir. İnsan bioloji olaraq geyimindən, rəftarından, ünsiyyətindən və s. hər şeydə zövqə əsaslanmaq istəyir. Həmin zövqlər isə reallıqlarla uyğunlaşmır. Və nevroz əmələ gəlir: "Nevrotik hallar isə xanımlarda məhz həmin yaş dövründə sözügedən zövqləri balanslaşdırmaq, təmin etmək prinsipi psixikada qüsur əmələ gətirir. Qüsur əmələ gələn kimi, biz tütünlə, onun tərkibində olan qətran və digər şeylərlə balanslaşdırmağa çalışırıq. Sanki özünün zövqünü təmin etmək üçün siqaretin çəkmə prosesində zövq elementləri tapır. Və insan ondan asılı vəziyyətdə qalır".
Psixoloq xüsusilə vurğulayıb ki, yeniyetmə və gənc qızların tütün və siqaret istifadə etməsi menstruasiyada da pozuntu və gecikmələr əmələ gətirir. Bunlar isə qızlarda oğlanlara nisbətən tütündən asılılığı daha da gücləndirir: "Bir müddət keçəndən sonra, qızlar tütündən istifadə etməyi ayıb saymırlar. Heç bunu düşünə də bilmirlər. Hətta zamanla özlərini müdafiə mexanizmi də güclənir. Buna elit don geyindirirlər.
Sosial bir maska geyindirib düşünürlər ki, sanki bunlar elit təbəqədirlər. Daha müasir və daha inkişaf etmişdirlər.
Qeyd edək ki, 13-17 yaş aralığında olan yeniyetmələrdə dünyagörüşün, intellektin, ictimai normaların, əxlaq normalarının, dəyərlərin azlığı tütünə asılılığı gücləndirir. Bunlara da təkan verən sosial şəbəkələrdəki qeyri-leqal roliklər və siqaret çəkməyi təbliğ edən süjetlərdir. Ona görə, yeniyetmə qız və oğlanlarda tütünə meyillilik gündən-günə artır.
Xəyalə Rza