• Bakı 22° C

    1.6 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Sıravi olmayan Əhməd... - ARAŞDIRMA

CƏMİYYƏT

06 Noyabr 2021 | 21:56 | Müəllif: Subhan Mahmudov

Sıravi olmayan Əhməd... - ARAŞDIRMA

1927-ci ildir. Azərbaycan SSR boyu “müsavatçı ovu” başlayıb. Söhbət yalnız gizli fəaliyyətə keçmiş Müsavat partiyasının üzvlərindən getmir. İndi “müsavatçı” partiya mənsubiyyətindən daha geniş məna daşıyır. Artıq o bu ölkədə sovet rejiminə qarşı milli müqavimətin tək adıdır.

Dövlət Siyasi İdarəsi yaxşı bilir: şüurlu azərbaycanlıların çoxu yeni quruluşdan narazıdır. Onların bir qismi əvvəldən Şura hakimiyyətindən yaxşı nəsə gözləmirdi, bir qismi sonradan – bu hakimiyyətin yol verdiyi əyinti və cinayətləri görəndən sonra məyus olub. Sonuncular kommunistlər – partiya-sovet və təsərrüfat işçiləri, ziyalılardır. Ən fəalları ayrılıqda, o da alınmayanda köhnə rəqibləri olan müsavatçılarla birlikdə təşkilatlanmağa cəhd edirlər. 

1926-1927-ci illərdə SSRİ-nin beynəlxalq vəziyyətinin pisləşməsi, İngiltərə və Polşayla münasibətlərdə yaşanan gərginlik ölkədə və respublikada olan rejim əleyhdarlarınıümidləndirib, onlar gizli fəaliyyətlərini daha da gücləndiriblər. Lakin çekistlər də yatmır: gizli Müsavatın Mərkəzi Komitəsinin, qəza və rayon özəklərinin əsas üzvlərini aşkarlayaraq həbs edirlər. Dəhşətli işgəncələrlə müşayiət olunan istintaqda, müsavatçılara qoşulan Azərbaycan kommunistlərindən 20 nəfərin adını onların dilindən qoparmaq mümkün olur. Üzdə quruluşa xidmət etdən, altdan ona qarşı mübarizə aparan bu insanları da tuturlar.

Bunların arasında ən maraqlı şəxs Əhməd Əhmədovdur. Cəmi 27 yaşı var. Amma tərcümeyi-halı zəngindir: Balaxanılı neftxuda Baxışın oğludur, atası dövrünə görə savadlı və maarifpərvər adam olub, özü isə Balaxanı kənd məktəbini, realnı məktəbi və Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Cümhuriyyət dövründə rus ağqvardiyaçılarının nümayəndələrinə sui-qəsd təşkil etməkdə şübhəli bilinərək bir neçə həftə həbsdə yatıb. Yeniyetmə yaşlarından siyasi fəaliyyət göstərib – sol eser, hümmətçi, kommunist olub. Sovet Azərbaycanınınordusunda piyada və artilleriya qoşunlarında kiçik zabit hazırlığı keçib, Qarabağda erməni-daşnak dəstələri ilə vuruşub, Ağdam yaxınlığındakı döyüşlərdə yaralanıb. Daha sonra bölük komandirinin siyasi işlər üzrə müavini – hərbi komissar vəzifəsində xidmət edib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı işləyib. Son iş yeri İnqilab muzeyidir – o burada elmi işçidir. Üç mövzuda tədqiqatı var: biri “Azərbaycanın 1918-1920-ci illərdəki vəziyyəti və AKP-nin yaranması”, digəri “Azərbaycan türkləri 1905-ci il inqilabında”, üçüncüsü isə “Zəngəzur hadisələri”dir. 

Əlbəttə ki, Əhmədovu elmi fəaliyyətinə görə tutmayıblar. 

Onu bir neçə aylıq istintaqın nəticəsi olaraq güləlləyəndədə elmi araşdırmalarına görə güllələməyəcəklər.

Amma indi, üstündən neçə onillik keçəndən sonra onun elmi irsi ilə tanış olanda inanırsan ki, Əhməd Əhmədov bu dəfə hansısa möcüzəylə “qepeuşnik”lərin əlindən qurtulsaydı, repressiya dalğasının şahə qalxdığı növbəti səfərdə – 37-38-ci illərdə mütləq tutulacaq və gül-lə-lə-nə-cək-di!  

Çünki onun bu günə qalan iki tədqiqatı və istintaqa verdiyi ifadələr həqiqətən heyrətamiz elmi təhlillərdir, azad və agah bir alimin, şişirtmədən demək olar ki, gənc yaşda nadir analitik qabiliyyət nümayiş etdirən bir mütəfəkkirin əqli mühakimələridir. 37-38-də siyasi konyukturaya tabe olmayan çoxmu zəka, çoxmu yaradıcı şəxs, çoxmu vətənpərvər repressiya ətçəkənindən salamat çıxacaqdı ki, o da çıxaydı?!.

Yuxarıda Əhmədovun “istintaqa verdiyi ifadələr”i də onun elmi irsinə daxil elədiyimizi görən oxucu təəccüblənməsin: bu ifadələr sadəcə ifadəyə oxşamır, hətta hansısa təzyiq altında, işgəncə verilərək alınan ifadələrə də oxşamır – elə bil, siyasi tarix üzrə bir mütəxəssisin, bir siyasətşünasın hazırladığı elmi arayışdır. 

Ona qarşı irəli sürülən ittihamların tutarlı olduğunu, onları rədd eləməyin bir mənası qalmadığını, onu nə gözlədiyini dərk etməkdən də böyük və aydın zehnə malik olan müttəhim sanki istintaqı bir fürsət bilir, bir daha və sonuncu kərə vətəndaş hünəri göstərərək sonrakı nəsillərə qiymətli bir bir tədqiqat miras qoyub gedir. 

Bu ifadələrdə müttəhim Azərbaycanda sovet hakimiyyəti qurulandan sonrakı dövrdə milli hərəkatdan bəhs edir, 28 apreldən sonra gizli fəaliyyətə keçən Müsavat, İttihad partiyalarının, ardınca da Azərbaycan kommunistləri arasında öz milli təmayülü ilə seçilən qrupların məramı, taktikası, sosial tərkibi, iş metodları haqqında məlumat verir, Nərimanov da daxil olmaqla, ayrı-ayrı siyasi xadimlərin portret cizgilərini cızır. Biz bu ifadələrlə tanış olarkən dövrün ağır mənzərəsinə dalır, kommunist maskası altında müstəmləkəçilik siyasəti yürüdən Qırmızı Moskvaya və Azərbaycan xalqının köklü maraqları əleyhinə fəaliyyət göstərən Bakıdakı rus-erməni-yəhudi ittifaqına qarşı milli müqavimətin “təmayülçülər”, “milli-kommunistlər”, “nərimanovçular”da necə baş qaldırdığı və onları hansı fəaliyyətə sövq etdiyi barədə, sosial-demokrat hümmətçilərin milli-demokrat müsavatçılarla ümummilli mənafe ətrafında gecikmiş birliyi barədə qiymətli bir şəhadət dinləyirik. Bu, nəinki şahidin, hadisələrin birbaşa iştirakçısının, gəncliyinə rəğmən, hadisələrin episentrində duran adamlardan birinin şəhadətidir. 

Onun arxa fonunda ölkəsinin həqiqi müstəqilliyi, xalqınıninsani və milli ləyaqəti üçün çarpışan, amma öz mübarizəsində uduzan bir adamın, özü də, tək onun yox, həmçinin adını çəkdiyi digər görkəmli azərbaycanlıların ürək çırpıntıları səslənir.

20-ci əsrin sonunda öz istiqlaliyyətini bərpa edən azərbaycanlıların ürəkləri öz odunu həmin o yanar ürəklərdən almamışdımı, bizim də ürəklərimizi şiddətlə döyündürən eyni eşq – Azərbaycan eşqi deyildimi?!

Siyasətçi və siyasətçünas Əhməd Əhmədovun sonuncudan qabaqkı müttəhim ifadəsi şairanə bir cümləylə bitir: “Ax, arzular, arzular, sizin şirinliyiniz hanı?”

Azərbaycanın dövlət müstəqilliyi, görürükmü, hansı arzuların gerçəkliyə çevrilməsidir –  gah şirin, gah acı dadan arzuların, bədəli, cəzası bəzən ağır, bəzən ən ağır olan arzuların, amma mükafatı da el yaddaşında ölməzlik olan arzuların?!

P.S. Həmin ifadələrdə keçən bir məqama toxunmadan bu yazını bitirmək olmazdı: Əhməd Əhmədov “milli-kommunistlər”in Azərbaycanın dövlət sərhədləri ilə bağlı hədəflərindən danışanda onların “Ermənistanın Meğri qəzasının cənubundan Araz çayı boyu Naxçıvan respublikasına çıxış” tələbi qoyduğunu da qeyd edir. 

Dəhliz tələbimizin yüz yaşı var, yəni.

Seymur Şahbaz-zadə


Sıravi olmayan Əhməd... - ARAŞDIRMA
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR