“Sosial mediadan çox istifadə etmək hələ asılılıq demək deyil, əsas məsələ insanın ondan istifadəsinə nəzarət edə bilməsi və sosial medianın onun həyatını necə dəyişməsidir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının baş həkimi Leyla Bəşirova qurumun “Instagram” səhifəsində keçirilən canlı yayımda deyib.
Onun sözlərinə görə, sosial media asılılığını müəyyən edən əsas meyar istifadə müddəti deyil, insanın öz istifadəsinə nəzarət edib-etməməsidir:
“İnsan dəfələrlə telefondan istifadəni ‘azaldacağam’ deyirsə, amma bunu bacarmırsa, artıq burada problem var. Sosial media insanın yuxusuna, işinə, dərsinə və münasibətlərinə mane olursa, digər fəaliyyətlərini kənara qoymasına səbəb olursa və buna baxmayaraq insan ondan istifadəyə davam edirsə, artıq asılılıqdan danışmaq olar. İşin və ya dərsin keyfiyyəti aşağı düşürsə, canlı ünsiyyət azalırsa, insan evdən çıxmır, fiziki fəaliyyətlə məşğul olmur və digər fəaliyyətləri ikinci plana keçirirsə, bunlar ciddi siqnallardır. Burada əsas sual "gündə neçə saat sosial mediadan istifadə edir?’" deyil, sosial media istifadəsinin insanın həyatını necə dəyişməsidir”.
Zeynəb Rzayeva
Bakı 



