“Azərbaycanda sosial şəbəkələr haqqında qanunun qəbul edilməsinə ehtiyac yarandığını düşünürəm”.
Bakıvaxtı.az xatırladır ki, bunu deputat Vüqar İskəndərov Milli Məclisini ötən plernar iclasında deyib.
Vüqar İskəndərov izah edib ki, sosial şəbəkələr ölkəmizdə cəngəllik qanunları ilə idarə olunur və ictimai rəy sosial şəbəkələr vasitəsilə manipulyasiya edilir.
Belə bir qanunun qəbul edilməsinə ehtiyac varmı? Qanun qəbul edilərsə, nə dərəcədə effektiv olacaq?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən İT üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, beynəlxalq müstəvidə fəaliyyət göstərən sosial şəbəkələr qeydiyyatda olduğu ölkənin qanunvericiliyi ilə daha çox maraqlıdırlar.
E.Abbasov izah edib ki, “Meta”, “Google” kimi platformaları olan şirkətlər Amerika qeydiyyatındadırlar və Amerika qanunvericiliyinə tabe olmaq məcburiyyətindədirlər:
“Türkiyədə bir neçə dəfə Vikipediya, Yutub, İnstagram məhdudlaşdırılıb. Bu məhdudlaşmalar kiçik bir vaxt çəkdi və nəticədə Türkiyənin tələbləri o qədər də qarşılanmadı. Amma məcbur olaraq daha sonra sosial şəbəkələri açdı”.

Elvin Abbasov: Aidiyyatı qurumlar sosial şəbəkələrlə münasibətlərini düzgün formalaşdırmalıdır
Mütəxəssisin sözlərinə görə, sosial şəbəkələr hazırda insanların ən yaxşı köməkçi alətlərindən biridir. Həm insanların sosial münasibətlərində, həm də biznes münasibətlərində sosial şəbəkələrin əhəmiyəti böyükdür.
Azərbaycan kimi, eləcə də digər iştirakçı ölkələrin sosial şəbəkələrə uyğun qanunvericilik tənzimlənmələrinin hazırlanması ancaq öz ölkələrindəki istifadəçilərə istiqamətlənmiş tənzimlənmələr ola bilər:
“Amma bu belə başa düşülməməlidir ki, Azərbaycan bir qanun qəbul etdi və digər sosial şəbəkələr bu qanunvericiliyə tabe olacaq. Belə bir anlayış yoxdur. Heç bir ölkədə belə bir şey yoxdur. Bir neçə ölkə buna cəhd etsə də heç bir nailiyyət əldə etməyib”.
Sosial şəbəkələrlə adekvat əməkdaşlıq münasibətlərinə girməyin vacibliyini vurğulayan müsahibimiz qeyd edib ki, aidiyyatı qurumlarımız onlarla münasibətlərini düzgün formalaşdırmalıdırlar ki, bizim qanunvericiliyimizi, məhkəməmizi, məhkəmə qərarlarımızı ən azından tanısınlar:
“Yəni məhkəmə qərarı çıxanda o məhkəmə qərarını tanıyırlar və həmin məhkəmə qərarına görə müəyyən fəaliyyətlərdə dəstək olurlar”.
Ekspertin fikrincə, bu kimi münasibətlərdə Azərbaycanda sosial şəbəkələrdə iştirak edən vətəndaşların hüquqlarını və oradakı fəaliyyətlərini nəzərə alan bir tənzimləmə mexanizminin, qanunvericilik toplusunun olması labüddür:
“Amma yenə deyirəm ki, bu, düzgün başa düşülməlidir. Bu, sosial şəbəkələr bizə tabe olacaq yox da, bizim öz sosial şəbəkəyə çıxan internet seqmentimizin münasibətlərini aydınlaşdırmaq və onların çərçivələrini formalaşdırmaq kimi başa düşülməlidir. Hər bir halda bu qanunvericilik hazırlanarkən söz azadlığı, insanların hüquqları diqqətə alınmalıdır. Çünki sosial şəbəkələrin əsas əhəmiyyətindən biri də budur ki, hər bir vətəndaş dünya miqyasında söz hüququ, söz azadlığı hüququnu yaradır”.
Mina Mikayılova
















