Sabah Azərbaycan dili və əlifbası günüdür - bir xalqın varlığının, tarixinin, kimliyinin ən dəyərli aynası olan dilimizin günü.
Bu gün həm də milli ruhumuzun tərənnümü, qürur mənbəyimizdir. Minilliklər boyunca bu dil nəsildən-nəslə ötürülərək zənginləşib, hər dövrün çağırışlarına uyğunlaşaraq inkişaf edib. Dilimizdə xalqımızın tarix boyu yaşadığı sevgi, həsrət, azadlıq arzusu, mübarizəsi, sevinc və kədəri əks olunub. Hər bir kəlməsi, hər bir ifadəsi bizə kim olduğumuzu xatırladır və gələcək nəsillərə yol göstərir.
Dilimizin dövlət dili statusu qazanması uzun və mürəkkəb bir yol olub, ideoloji ziddiyyətlər, məhdudiyyətlər, dilin inkişafına mane olan amillər bu yolda qarşıya çıxıb. Lakin əzmkarlıq və milli iradə sayəsində Azərbaycan dili bu maneələri aşaraq həm ölkəmizdə, həm də beynəlxalq aləmdə öz layiqli yerini tutub.
Bakıvaxtı.az-ın dilçi alim, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova ilə söhbəti də məhz bu zəngin və mürəkkəb tarixə, dilimizin müasir çağırışlara uyğunlaşmasına həsr olunub. Onun dərin biliyi və elmi təcrübəsi bu günümüzün və sabahımızın dili haqqında yeni baxışlar açır, latın qrafikasına keçidin dilimizə gətirdiyi üstünlüklərdən tutmuş, texnologiyaların dilimizin inkişafındakı roluna qədər geniş mövzuları əhatə edir.
Müsahibəni təqdim edirik:
- Azərbaycan dilinin dövlət dili statusu qazanmasından sonra gerçək dil siyasəti ilə ideoloji yanaşma arasında hansı ziddiyyətlər mövcud olub və bu, dilin inkişafına necə təsir edib?
- Azərbaycan dilinin dövlət dili statusu qazanmasından sonra gerçək dil siyasəti ilə ideoloji yanaşma arasında müəyyən ziddiyyətlər yaşanıb. Xüsusən də Sovet dövründə dil siyasəti formal olaraq milli dillərin inkişafına şərait yaratdığını iddia etsə də, gerçəkdə rus dili üstün mövqedə saxlanılır, Azərbaycan dilinin imkanları məhdudlaşdırılırdı. Bu, dilin inkişaf tempinə və ictimai nüfuzuna mənfi təsir göstərirdi.
Heydər Əliyevin bu istiqamətdə gördüyü işlər, xüsusilə də onun müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi istiqamətində atdığı addımlar mühüm mərhələ hesab edilir. 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin adı çəkilsə də, onun tam mənada dövlət dili kimi tətbiqi mümkün olmamışdı. Bu da Sovet ideoloji çərçivələrinin sərtliyindən irəli gəlirdi.
Müstəqillik dövründə isə xalqın istəyi və ictimai tələbat nəticəsində Azərbaycan dili gerçəkdən də dövlət dili statusuna layiq şəkildə qəbul olundu. Bu dövrdə dil siyasətinin formalaşmasında görkəmli dilçilərin iştirakı ilə Dil Komissiyası yaradıldı və ardıcıl islahatlar həyata keçirildi. Əlifba dəyişikliyi, terminoloji məsələlərin qaydaya salınması və dilin tədris imkanlarının genişləndirilməsi bu siyasətin əsas istiqamətləri oldu.
Bu gün Azərbaycan dili yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə də tanınır. Qazax, qırğız, özbək kimi türkdilli xalqların dilləri ilə bir sırada müstəqil və suveren bir dövlətin rəsmi dili olaraq yaşamaqda və inkişaf etməkdədir. Bu da onu göstərir ki, düzgün dil siyasəti ideoloji maneələrdən azad olduqdan sonra dilin inkişafına güclü təkan verir.
- Sizcə, müasir dövrdə Azərbaycan dili texnologiyaların dili ola bilir, yoxsa bu sahədə “nə qədər inkişaf etsək də, öz dilimizlə yox, başqa dillərlə düşünürük” problemi hələ də qalır?
- Müasir dövrdə Azərbaycan dili texnologiyaların dili olmaq potensialına malikdir və bu istiqamətdə mühüm addımlar da atılıb. Dilimizin qədimliyi, zəngin lüğət tərkibi və mürəkkəb fikirləri ifadə etmək bacarığı bu sahədə əsas baza rolunu oynayır. Hazırda 190-a yaxın terminoloji lüğətin hazırlanması, müxtəlif sahələr üzrə terminlərin sistemləşdirilməsi bu istiqamətdəki irəliləyişin göstəricisidir.
Eyni zamanda, informasiya texnologiyaları sahəsində istifadə olunan terminlərin 65 faizinin artıq Azərbaycan dilində qarşılığının mövcud olması, yerli mütəxəssislərin və qurumların bu sahədə apardığı işlərin nəticəsidir. Bu, o deməkdir ki, texnologiyalardan istifadə zamanı dilimizlə düşünmək və yazmaq mümkündür.
- Dilimizdə baş verən semantik dəyişmələr milli-mənəvi dəyərlərə zərbədir, yoxsa bu, qaçılmaz və normal prosesdir?
- Dilimizdə baş verən semantik dəyişmələr - yəni sözlərin mənalarının zamanla dəyişməsi və ya yeni mənalar qazanması, əslində, dilin canlı və inkişaf edən bir sistem olduğunu göstərir. Bu, təkcə Azərbaycan dilinə deyil, bütün dünya dillərinə xas olan, tarixən baş verən və qaçınılmaz bir prosesdir.
Semantik dəyişikliklər bəzən cəmiyyətin sosial-mədəni həyatındakı dəyişikliklərlə, yeni anlayışların yaranması ilə, yaxud da köhnə anlayışların yeni baxışla qiymətləndirilməsi ilə bağlı olur. Bu baxımdan, dilin semantik inkişafı onun zənginləşməsi, ifadə imkanlarının artması deməkdir və milli-mənəvi dəyərlərə zərbə kimi deyil, əksinə, bu dəyərlərin zamanın tələbinə uyğun yaşadılması kimi qiymətləndirilməlidir.
- Latın qrafikalı əlifbaya keçid qərarı veriləndə nəzərdə tutulmayan hansı linqivistik və psixoloji çətinliklər sonradan üzə çıxdı və bu gün də davam edir?
- Latın qrafikasına keçid Azərbaycanın müstəqil dil siyasətində mühüm və strateji addım idi. Bu sahədə Əlifba Komissiyasının, xüsusilə də professor Afad Qurbanovun rolu danılmazdır. Onun rəhbərliyi və elmi əsaslandırmaları nəticəsində latın qrafikasına keçid sistemli şəkildə həyata keçirildi. Hətta bu dövrdə Orxon, Kiril və fars qrafikasına qayıdış təklifləri də irəli sürülmüşdü. Lakin milli maraqlara və dilin gələcək inkişaf perspektivlərinə uyğun olan məhz latın qrafikası seçildi. Bu gün də Afad Qurbanovun bu sahədəki tədqiqatları və yanaşmaları aktuallığını qorumaqda davam edir.
Mən bir dilçi kimi bu keçid prosesində xüsusi bir problemə rast gəlməmişəm. Əlifba dəyişikliyi texniki baxımdan dəqiq qurulduğu və ardıcıl şəkildə tətbiq olunduğu üçün praktiki və elmi çətinliklər yaranmadı.
Əli Hüseynov