Uzun illərdir, demək olar, hər kəs südün insan orqanizmi üçün faydalı olduğunu bilir və istifadə edir. Ancaq son illər südün faydalı olub-olmaması ilə bağlı sual doğuran fikirlər səslənir. Belə ki, son illər mütəxəssislər südün faydalarının əksinə ziyanlarının olduğunu iddia edirlər. Bu fikirlərin doğrusu nədir?
Dietoloq Ləman Süleymanova Bakıvaxtı.az-a bildirib ki, süd və süd məhsulları insan həyatı üçün çox faydalıdır: “Südün tərkibindəki sağlam maddələr heyvanın növü, cinsi, yaşı, heyvanın qidalandığı yemin tərkibinə və fəslə uyğun yenilənir. Azərbaycanda inək və keçi südündən daha çox istifadə olunur. Məsələn, inək südünün tərkibində çox faydalı, qiymətli zülallar var. Kazein, laktalbumin və s. bunlar hamısı çox önəmlidir. Onun ağ rəngdə olmasının səbəbi də bu zülal birləşmələri ilə əlaqəlidir ki, insanlar, uşaqlar üçün çox önəmlidir. İnək və qoyun südündən fərqli olaraq camış südündə bir az kazeinin miqdarı aşağıdır. Ona görə də, bəzən inək südünü, xüsusilə də uşaqlara daha çox məsləhət görürlər. Çünki onların inkişaf mərhələsində bu çox vacibdir”.
Dietoloqun sözlərinə görə, hətta arıqlamaq üçün də bəzən pasientlərə tərtib edilən proqramlarda süd olur: “Məsələn, mən pasientlər üçün individual olaraq tərtib etdiyim proqramlara süd əlavə edirəm. Südün içində elə maddələr var ki, insan orqanizmində D vitamini və kalsium səviyyəsinin artmasına kifayət qədər kömək edir. Həmçinin, süd metobalizmi aktivləşdirir, arıqlamağa kömək edir”.
Müsahibimiz deyir ki, uşaqların gecə yatmazdan 5 dəqiqə əvvəl ilıq süd içməsi vacibdir. Çünki sümük toxumasının kalsiumla zənginləşməsinə və sümüklərin möhkəm olmasına kömək edir. Ona görə də, uşaqların böyümə periodunda boy hormonunun fəaliyyətinə təsir göstərir. Uşaq orqanizminin həmin zülala ehtiyacı çox böyükdür.
L.Süleymanova qeyd edib ki, süd bağırsaqlarda fosfor, kalsium və dəmirin sovrulmasına səbəb olur: “Ümumiyyətlə, süd və süd məhsullarının hamısı orqanizmə çox fayda verir. Misal üçün, götürək kefiri: kefirin tərkibində olan maddələr bağırsaq florasına çox kömək edir. Pendirin tərkibindəki zülalın miqdarı ət və balığın tərkibindəki zülalın miqdarından çoxdur. Kərə yağında da, həmçinin, xüsusi maddələr vardır. Bilirik ki, kefirin hazırlanması xüsusidir və orda elə bir maddələr vardır ki, sırf qidanın yaxşı həzm olunmasına kömək edir. Elə insanlar var ki, südə allergiyası var, süd içəndə problem olur. Amma məhz kefir xüsusi hazırlanır, süd içdikdə problem yaşayan insanlar daha rahat həzm edir. Belə insanlara yatmamışdan beş dəqiqə əvvəl kefir məsləhət görürük ki, gün ərzində yeyilən qidaların, yağların yığılmasının qarşısını alır. Kefir toksinlərin orqanizmdən təmizlənməsinə çox böyük köməklik göstərir”.
Aytac Aslan
















