• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Sülh planı": Ukrayna və ya Rusiyanın ciddi şəkildə güzəştə gedəcəyi gözlənilmir

SİYASƏT

25 Sentyabr 2024 | 12:28 | Müəllif: Qalib İbrahimoğlu

"Sülh planı": Ukrayna və ya Rusiyanın ciddi şəkildə güzəştə gedəcəyi gözlənilmir

Məlumdur ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-yə səfər edib.

Zelenskinin səfəri ABŞ-nin şimal-şərqindəki Pensilvaniya ştatından başlayıb. O, həmçinin Nyu-York və Vaşinqtona səfər etməyi planlaşdırır. Zelenskinin Qərb siyasətçiləri, Qlobal Cənub, G7, Avropa ölkələrinin liderləri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri ilə bir sıra görüşləri olacaq. Bundan başqa, Zelenskinin "Sülh planı"nı ABŞ prezidenti Co Baydenə təqdim edəcəyi gözlənilir.

Maraqlıdır ki, Zelenskinin ABŞ səfəri hansı nəticələrə səbəb ola bilər?

Mövzu ilə bağlı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-yə səfəri BMT Baş Assambleyasında iştirakı ilə bağlıdır. Lakin səfər yalnız bu iştirakla kifayətlənməyəcək:

"Səfər çərçivəsində Zelenskinin "Sülh planı" təqdim etməsi o demək deyil ki, Ukrayna Rusiyanın bütün şərtlərini qəbul edir və o plana əsasən hərəkət edir. Görünən odur ki, Ukraynanın öz tələbləri olacaq və Rusiyanın tələblərinə qarşılıqlı cavab verəcək. Eyni zamanda bu "Sülh planı"nda ABŞ-nin və digər ölkələrin maraqları nəzərə alınacaq”.

Müsahibimiz qeyd edib ki, indiyə kimi münaqişənin iki tərəfi görünsə də, reallıqda bu tərəflərin arxasında duran güclər var. Xüsusən də Ukraynanın arxasında ABŞ və Qərb kimi kifayət qədər güclü qüvvələr dayanıb:

“Ona görə də Ukrayna münaqişəni yalnız öz maraqları çərçivəsində həll edə bilməz".

Samir Hümbətov: "Sülh planı"nda ABŞ-nin və digər ölkələrin maraqları nəzərə alınacaq

S.Hümbətovun fikrincə, mövcud vəziyyətdə Ukrayna və ya Rusiyanın ciddi şəkildə güzəştə gedəcəyi gözlənilmir.

“Münaqişənin bitməsi üçün ən azından tərəflərin konsensusu olmalıdır. Bu, indiki halda yoxdur. Hər iki tərəf konsensusu məğlubiyyət kimi qəbul edə bilər. Rusiya-Ukrayna münaqişəsinin effektiv nəticə verməsi müəyyən zaman ala bilər", - deyə Samir Hümbətov əlavə edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026