“Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi artıq paraflanıb və tərəflər arasında ciddi problem yoxdur. Sadəcə olaraq, Ermənistanda yeni Konstitusiya qəbul olunmalıdır və həmin sənəddə Azərbaycana qarşı olan separatçı iddialar yer almamalıdır. Bu baş verdikdən sonra sülh sazişinin imzalanmasına heç bir maneə qalmayacaq”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov deyib.
Ekspert bildirib ki, Ermənistanda yeni Konstitusiyanın qəbul olunması üçün parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi qüvvələr qələbə qazanmalıdır:
“Bu planın qarşısını almaq məqsədilə Ermənistan müxalifəti səfərbər olub. Heç kimə sirr deyil ki, bu müxalifətin əsas dayağı Rusiyapərəst qüvvələrdir. Rusiya da əlindən gələni edir ki, müxalifəti birləşdirsin və seçkilərdə öz əlaltılarının qələbəsini təmin etsin”.
Müsahibimiz hesab edir ki, əgər buna nail olsalar, sülh sazişinin imzalanması sual altına düşəcək, hətta mümkünsüz ola bilər. Çünki Rusiyapərəst qüvvələr Konstitusiyanın dəyişdirilməsinə qarşıdır. Rusiya isə sülhün reallaşmasını istəmir, çünki Azərbaycanla Ermənistan arasında gərginliklərdən daim faydalanır. Bu səbəbdən sülhün əsas əleyhdarı Rusiyadır:
“Ümid edirik, Paşinyanın rəhbərlik etdiyi partiya seçkilərdə qalib gələcək. Ancaq ümidlə hərəkət etmək olmaz. Avropa, ABŞ və Türkiyə bu prosesin baş tutması, Paşinyanın qələbəsi üçün mümkün dəstəyi göstərməlidirlər”.

Abutalıb Səmədov: Rusiya sülhün reallaşmasını istəmir, çünki Azərbaycanla Ermənistan arasında gərginliklərdən daim faydalanır
Analitik əlavə edib ki, Azərbaycan Ermənistanla əlaqələrin normallaşması istiqamətində mühüm addımlar atır:
“Neft məhsulları göndərir, ərazisindən tranzit istifadəyə imkan yaradır. Bu da Ermənistanda müsbət rəyin formalaşmasına səbəb olur və bəlkə də Paşinyanın nüfuzunun artmasına müəyyən qədər müsbət təsir edir”.
A.Səmədov vurğuıayıb ki, yaxın gələcəkdə Azərbaycan hakimiyyəti bu kimi addımları davam etdirəcək və imkan daxilində əməkdaşlığın inkişafı, sülh sazişinin imzalanması üçün Paşinyan hökumətinə dəstək göstərəcək:
“Lakin əsas dəstək göstərməli olan qüvvələr ABŞ, Avropa və Türkiyədir. Ən azı Rusiyaya yaxın qüvvələrin bölgədə vəziyyəti dəyişməsinə imkan verməmək üçün bu zəruridir”.
Aydın Baxış
Bakı 




