Sumqayıt şəhərində güclü küləyin təsiri ilə tikinti sahəsində baş verən hadisə sakinlərin narahatlığına səbəb olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisənin şəhərin Əzizbəyov küçəsi, 4-cü məhəllə ərazisində inşa olunan çoxmərtəbəli yaşayış binasının tikinti meydançasında baş verdiyi bildirilir.
Sakinlərin sözlərinə görə, küləyin güclənməsi nəticəsində tikinti sahəsində saxlanılan daş və digər tikinti materialları ətrafa səpələnərək yaxınlıqdakı ikimərtəbəli yaşayış binasının qarşısına tökülüb. Bu isə ərazidə yaşayan insanlar üçün təhlükəli vəziyyət yaradıb.
Məlumata görə, hazırda tikintisi aparılan yaşayış binası əvvəllər həmin ərazidə mövcud olmuş köhnə yaşayış binasının sökülməsindən sonra inşa edilir. Sakinlər hesab edirlər ki, tikinti meydançasında təhlükəsizlik qaydalarına daha ciddi riayət edilməli, materialların saxlanılması və bərkidilməsi istiqamətində zəruri tədbirlər görülməli idi.
Bununla yanaşı, sakinlər daha bir ciddi iddia irəli sürürlər. Onların sözlərinə görə, tikinti işlərini həyata keçirən şirkətin əməkdaşları hadisə ilə bağlı narazılıq bildirən sakinlərlə kobud rəftar edib, onları təhqir edərək ərazidən uzaqlaşdırıblar.
Hadisədən sonra sakinlər aidiyyəti qurumların məsələyə müdaxilə etməsini, tikinti sahəsində təhlükəsizlik normalarına əməl olunmasının yoxlanılmasını və baş verən insidentə hüquqi qiymət verilməsini tələb edirlər.
Murad İsmayıl
Bakı 



