• Bakı 30° C

    11.12 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

Suriyada yeni cəbhə açılır? - Türkiyə-İsrail gərginliyinin PƏRDƏARXASI

DÜNYA

20 Avqust 2026 | 10:32

Suriyada yeni cəbhə açılır? - Türkiyə-İsrail gərginliyinin PƏRDƏARXASI

Ankara-Təl-Əviv münasibətlərində yeni gərginlik yaranıb. Gərginlik İsrailin Suriyanın şimal-qərbində yerləşən və Türkiyənin bərpasında iştirak etdiyi Əbu əl-Duhur aviabazasına zərbələr endirməsi ilə daha da alpvlanıb.

Türkiyə hücumu Suriyanın suverenliyinin pozulması və regional sabitliyə qarşı addım kimi qiymətləndirib. İsrail isə Suriyada Türkiyənin hərbi imkanlarının genişlənməsini öz təhlükəsizliyinə potensial təhdid hesab edir. ABŞ tərəflər arasında təsadüfi hərbi qarşıdurmanın qarşısını almaq üçün Türkiyə, İsrail və Suriya arasında xüsusi koordinasiya mexanizminin yaradılması üzərində işləyir.

Mövcud vəziyyəti və mümkün ssenariləri Bakıvaxtı.az-a şərh edən politoloq Züriyə Qarayeva bildirib ki, İsrailin bu zərbəsi yalnız bir hərbi obyektin sıradan çıxarılması deyil, Türkiyənin Suriyada artan təsirinə ünvanlanmış siyasi xəbərdarlıqdır. Əsəd hakimiyyətinin süqutundan sonra İranın Suriyadakı mövqeləri zəifləyib və yaranmış boşluğu müəyyən dərəcədə Türkiyə doldurmağa başlayıb. Ankara yeni Suriya rəhbərliyinə hərbi təlim, təhlükəsizlik strukturunun qurulması və dövlət institutlarının bərpasında yardım göstərir. İsrail isə Türkiyənin Suriyada radar və hava hücumundan müdafiə sistemləri yerləşdirməsinin öz aviasiyasının sərbəst fəaliyyət imkanlarını məhdudlaşdıracağından narahatdır.

Onun sözlərinə görə, Təl-Əviv Suriyanın yenidən güclü hərbi infrastruktura sahib olmasını gələcək təhlükə kimi qiymətləndirir və bu prosesi ilkin mərhələdə dayandırmağa çalışır. Buna görə hücum həm Dəməşqə, həm də Ankaraya Suriyanın təhlükəsizlik arxitekturasının İsrailin maraqları nəzərə alınmadan qurula bilməyəcəyi mesajını verir.

Türkiyə ilə İsrail arasında birbaşa hərbi qarşıdurma ehtimalına gəlincə, müsahibimiz hesab edir ki, hazırkı mərhələdə tərəflərin heç biri genişmiqyaslı müharibədə maraqlı olmadığı üçün birbaşa qarşıdurma əsas ssenari hesab edilmir: “Türkiyə NATO üzvüdür, böyük hərbi imkanlara malikdir və onunla açıq toqquşma İsrail üçün ağır siyasi və təhlükəsizlik nəticələri yarada bilər. Ankara da regional təsirini qorumaq istəsə də, Suriya ərazisində İsraillə nəzarətsiz müharibəyə başlamağın risklərini anlayır”.

Dediyinə görə, bununla belə, hərbi qüvvələrin eyni coğrafiyada fəaliyyət göstərməsi yanlış məlumat, koordinasiya çatışmazlığı və ya səhv hesablanmış zərbə nəticəsində insident ehtimalını artırır:

“İsrail hücumunda Türkiyə hərbçilərinin həlak olması və ya Türkiyəyə məxsus sistemlərin məqsədli şəkildə vurulması Ankaranı daha sərt cavab verməyə məcbur edə bilər. Deməli, planlaşdırılmış müharibədən daha çox, lokal insidentin tədricən siyasi və hərbi böhrana çevrilməsi təhlükəsi mövcuddur”.

Züriyə Qarayeva: Hazırkı mərhələdə birbaşa qarşıdurma əsas ssenari hesab edilmir

“ABŞ-nin yaratmağa çalışdığı üçtərəfli koordinasiya mexanizmi gərginliyi azalda bilərmi” sualını cavablandıran politoloq bildirib ki, ABŞ-nin təşəbbüsü ilk növbədə tərəflər arasında operativ məlumat mübadiləsini təmin etməklə təsadüfi toqquşmaların qarşısını almağa yönəlib. Belə mexanizm Türkiyənin Suriyadakı hərbi fəaliyyət sahələri ilə İsrailin mümkün əməliyyat istiqamətlərinin əvvəlcədən uzlaşdırılmasına imkan verə bilər:

“Vaşinqton həm Türkiyəni NATO daxilində mühüm tərəfdaş kimi qorumaq, həm də İsrailin təhlükəsizlik narahatlıqlarını nəzərə almaq istəyir. Lakin texniki koordinasiya tərəflər arasındakı əsas siyasi ziddiyyəti, yəni Suriyanın gələcək təhlükəsizlik sistemində kimin üstün rol oynayacağı məsələsini həll etmir. İsrail Türkiyənin hərbi mövcudluğunu məhdudlaşdırmaqda, Ankara isə vahid və güclü Suriya dövlətinin formalaşdırılmasında maraqlıdır. Buna görə mexanizm müharibə riskini azalda bilər, ancaq siyasi anlaşma əldə olunmadan uzunmüddətli sabitliyi təmin edə bilməz”.

Həmsöhbətimizə görə, Türkiyə-İsrail rəqabəti dərinləşərsə, Suriya xarici güclərin təsir uğrunda mübarizə apardığı yeni geosiyasi meydana çevrilə bilər:

“Bu vəziyyət yeni Suriya hökumətinin ölkənin ərazi bütövlüyünü bərpa etməsini və vahid təhlükəsizlik strukturu yaratmasını çətinləşdirəcək. Davamlı İsrail zərbələri Dəməşqin legitimliyini zəiflədə, Türkiyənin isə Suriyadakı hərbi mövcudluğunu daha da genişləndirməsinə səbəb ola bilər. İran da yaranmış gərginlikdən istifadə edərək zəifləmiş regional şəbəkələrini yenidən qurmağa və Suriyaya qayıtmağa çalışa bilər”.

“Qarşıdurma eyni zamanda Qəzza, Livan və Şərqi Aralıq dənizindəki fikir ayrılıqlarını Türkiyə-İsrail münasibətlərinin vahid böhran xəttinə birləşdirər. Region üçün ən təhlükəsiz yol Suriyanın suverenliyinə hörmət edən, Türkiyənin təhlükəsizlik maraqları ilə İsrailin narahatlıqlarını diplomatik çərçivədə uzlaşdıran çoxtərəfli razılaşmanın əldə olunmasıdır”, - Züriyə Qarayeva əlavə edib.

Zülfü Məmmədov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Avqust 2026