Ukrayna Böyük Britaniya, Fransa və ABŞ ilə birlikdə aprelin 23-də Londonda Rusiya ilə müharibəyə son qoymağın yollarını müzakirə edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” sosial şəbəkəsində məlumat verib.
Ukrayna dövlət başçısının sözlərinə görə, o, Böyük Britaniyanın Baş naziri Kir Starmerlə yaxşı və ətraflı danışıqlar aparıb.
“Artıq çərşənbə günü nümayəndələrimiz Londonda işləyəcək. Ukrayna, Böyük Britaniya, Fransa, ABŞ. Biz real və davamlı sülhün bərqərar olması ilə qeyd-şərtsiz atəşkəsə nail olmaq üçün mümkün olan ən konstruktiv şəkildə irəliləməyə hazırıq”, - Zelenski vurğulayıb.
O qeyd edib ki, əlavə şərtlər olmadan atəşkəs sülhə doğru ilk addım olmalıdır və Pasxa Rusiyanın hərəkətlərinin müharibənin uzanmasına səbəb olduğunu göstərib.
Zelenski əlavə edib ki, Starmer ilə Avropa təhlükəsizlik formatlarında birgə işi müzakirə edib.
Xatırladaq ki, ötən həftə Ukrayna, Amerika, Almaniya, Fransa və Britaniya rəsmiləri Parisdə danışıqlar aparıb. Onlar Ukrayna və Rusiya arasında davamlı sülhün əldə edilməsi imkanlarını müzakirə ediblər.
Danışıqlarda iştirak edən Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andriy Yermak belə bir görüşün danışıqların yeni formatının başlanğıcı olduğunu qeyd edib.