• Bakı 14° C

    11.18 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Taksi sürücüləri ilə bağlı YENİLİK: İmtahanlar necə olacaq?

CƏMİYYƏT

31 May 2024 | 09:55

Taksi sürücüləri ilə bağlı YENİLİK: İmtahanlar necə olacaq?

Azərbaycanda taksi sürücülərinin hazırlığını Dövlət İmtahan Mərkəzi qiymətləndirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

DİM sədri qeyd edib ki, qanunvericiliyə edilmiş dəyişikliyə görə, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə, taksi minik avtomobillərinin sürücüləri isə etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən aktlara dair xüsusi hazırlıq keçməlidir. Xüsusi hazırlığın nəticələrinin qiymətləndirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək.

Bəs görəsən bu qiymətləndirmə hansı əsasda aparılacaq?

Bu barədə Bakıvaxtı.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu, "Avtomobil nəqliyyatı haqqında" qanuna edilən dəyişikliklərdən sonra Nazirlər Kabinetinin qəbul etdiyi qərarla tənzimlənir.

Onun sözlərinə görə, bu proses bir müddət idi artıq qanunda öz əksini tapsa da, nədənsə DİM tərəfindən hər hansı bir hərəkətlilik yox idi və belə hesab edilirdi ki, imtahanları Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi təşkil edəcək:

"Mən, eyni zamanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvüyəm və bu proseslərlə dərindən maraqlanıram. Dəfələrlə də sorğu xarakterli müraciətlərimə cavab olaraq bildirildi ki, DİM-dən hər hansı bir cavab yoxdur ki, bu qərarı necə icra edəcək".

E.Muradlı qeyd edib ki, ümumi respublika üzrə bu imtahanlar digər imtahanlar kimi bütün bölgələrdə təşkil oluna bilər.

Hazırda ali məktəblərə qəbul prosesinin getdiyini vurğulayan ekspert hesab edir ki, hələlik DİM bunu tez zamanda edə bilməyəcək:

"Ali məktəblərə qəbul prosesi keçir və bu proses özü də ağır bir işdir. Taksi sürücülərini də bura qatmaq bir az vaxt aparacaq. Mənə elə gəlir ki, yayın axırlarına yaxın bu məsələ öz həllini tapa bilər".

Elməddin Muradlı: Bu imtahanlar da bütün bölgələrdə təşkil oluna bilər

Müsahibimiz imtahanları ehtimal olunan keçirilmə formaları barədə məlumat verərək söyləyib ki, bir çox ölkələrdə bu təcrübə var və imtahanlar da fərqli qurumlar tərəfindən götürülür. Azərbaycanda da hökumət hesab edir ki, bunu ən yaxşı formada DİM təşkil edə bilər və aidiyyatı qurumlarla hazırda müzakirə gedir:

"Burda sürücülərin sırf etik davranış, sərnişinlərlə münasibət məsələsi öz həllini tapacaq. Ola bilsin, psixoloji vəziyyətə, dil bilgilərinə aid suallar ola bilər ki, ən azı elementar müraciət formalarını rus, ingilis dilində öyrənməlidirlər".

Ekspert bu imtahanların digər imtahanlardan fərqli olaraq daha yüngül keçiriləcəyini nəzərə çatdırıb:

"Bu, cərrahlıq, hüquqşünaşlıq imtahanı deyil, hansısa yüngül formada sırf sürücülərin gündəlik həyat tərzinə, iş qrafikinə uyğun suallar olacaq".

Həmsöhbətimiz sonda bunu müsbət bir hal kimi qiymətləndirdiyini deyib:

"Çünki bu, bir peşədir. Və bu peşə ilə məşğul olanların müəyyən biliklərə malik olması çox vacibdir".

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026