• Bakı 13° C

    13.94 m/s

  • USD - 1.7

    EUR - 1.8297

    RUB - 0.0185

Tələbələrin yataqxana problemi: Dərdin dərmanı varmı?

CƏMİYYƏT

26 Aprel 2024 | 10:47

Tələbələrin yataqxana problemi: Dərdin dərmanı varmı?

Hazırda Azərbaycanda 50-dən çox ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bu ali təhsil ocaqlarında təhsil alan 165 minə yaxın tələbələrin arasında əcnəbilər də az deyil. Belə ki, ölkəmizin ali təhsil müəssisələrində 93 ölkədən 7,7 min tələbə təhsil alır.

İstər rayonlardan gələn, istərsə də xarici tələbələrin əksəriyyətinin üzləşdikləri problemlərdən biri isə yataqxanalarla bağlıdır. Kirayə evlərin ötən illərlə müqayisədə xeyli bahalaşması aztəminatlı ailələrlə yanaşı, əcnəbi tələbələr üçün də ciddi problem yaradır. Ekspertlərə görə, hazırda universitetlərin tələbələrə təqdim edə biləcəyi yataqxana yeri təxminən 4-5 min nəfər civarındadır.

Kamran Əsədov, təhsil eksperti

Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu gün universitetlərimizin müəllim, tələbə mübadiləsi yox səviyyəsindədir. Universitet rəhbərləri bunu maliyyə vəsaitinin çatışmazlığı, normal yataqxanaların olmaması ilə əlaqələndirsələr də, bu istiqamətdə vəsait xərcləmək istəmirlər.

"Xarici ölkələrin universitetlərində tələbələrin yataqxanasında hər bir otağın mətbəxi, yataq otağı, 24 saat isti-soyuq suyu, soyuducusu, istilik sistemi, televizoru, ayrıca telefon nömrələri var. Həmçinin yataqxananın kamera müşahidə sistemi, Wi-Fi, mini telefon ATS-i, yanğın təhlükəsizlik, havalandırma və mərkəzləşdirilmiş istilik sistemləri mövcuddur. Yəni tələbələrin bütün ehtiyacları təmin olunur. Çünki hər bir universitetin kampusunun, yataqxanasının, kitabxanasının və elmi bazasının olması vacibdir. Təhsilin əlçatan olması yalnız bilik verməklə bağlı deyil". - deyə ekspert vurğulayıb.

K. Əsədov hesab edir ki, universitetlərin yataqxana probleminin həll olunmaması əcnəbi tələbələrin ölkəmizə axınına mane olan səbəblərdən biridir:

"Unutmaq olmaz ki, tələbə yataqxanaları universitetin bir hissəsidir. Ali məktəbə qəbul olan tələbələr yataqxana problemi ilə üzləşirlər. Ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində yataqxanası olan universitetlərin ya yataqxanaları yararsız vəziyyətdədir, ya da bütün tələbə kontingentini əhatə edə bilmir. Yalnız yeni açılmış ali məktəblərin müasir yataqxanaları var. Köhnə universitetlərdən bəziləri öz yataqxanalarını təmir etsələr də, bütün tələbələrin ehtiyacını tam qarşılamır. Ölkəmizdə yataqxana sisteminin qurulmasında Rusiya və Türkiyənin təcrübələrindən istifadə etmək mümkündür. Bundan başqa, iş adamları tələbə yataqxanalarının inşasında və tələbələrə dəstək verməkdə maraqlı olmalıdırlar".

Elnur Fərzəliyev, əmlak məsələləri üzrə ekspert

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, əvvəlki dövrlərdə ölkəmizdə tələbə yataqxanalarının sayı kifayət qədər çox idi. Birinci Qarabağ müharibəsindən sonra məcburi köçkünlərin daha çox tələbə yataqxanalarına sığınması sonrakı dövrlərdə tələbələrin yataqxana probleminə səbəb oldu:

"İşğal altında olan torpaqlarımız azad olunandan sonra tələbə yataqxanalarında məskunlaşan məcburi köçkünlər Qarabağa, azad olunmuş ərazilərə köçürülürlər. Lakin hələ də yataqxana problemi qalmaqdadır. Çünki Bakıda yerləşən yataqxanaların əksəriyyəti olduqca qəzalı vəziyyətdədir. Bu yataqxanalarda tələbələrin yerləşdirilməsi riskli ola bilər. Həmin yataqxanalarda vəziyyət o qədər bərbaddır ki, hər hansısa xoşagəlməz hadisə nəticəsində o binalar uça bilər".

Yataqxana probleminin həll yollarına toxunan ekspertə görə, bu gün yaşayış üçün nəzərdə tutulmayan torpaq sahələrində yataqxanaların tikilməsi mümkündür. Bu addım tələbələrin kirayələrdən qurtulmasına yol açmaqla yanaşı, yerli və əcnəbi tələbələrin sosial rifahının təminatı üçün arzuolunandır:

"İndiki məqamda tələbələr üçün yeni hündürmərtəbəli, tam keyfiyyətli və müasir standartlara cavab verən yataqxanaların tikilməsinə ehtiyac var. Bu problemin həlli üçün universitet rəhbərlikləri ilə yanaşı, Elm və Təhsil Nazirliyi də müəyyən qurumlara müraciət ünvanlaya bilər".

Gülşən Şərif


SON XƏBƏRLƏR