• Bakı 17° C

    6.7 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Kişilər bilməlidir ki, smartfon üçün ən pis yer... - Nevropatoloqdan XƏBƏRDARLIQ

CƏMİYYƏT

06 May 2024 | 13:43

Kişilər bilməlidir ki, smartfon üçün ən pis yer... - Nevropatoloqdan XƏBƏRDARLIQ

“Mobil telefonların insan orqanizminə təsiri artıq neçə illərdir ki, alimlərin ciddi araşdırma mövzusuna çevrilib. Tədqiqatçıların bu sahədəki qənaətləri müxtəlif olsa da, ümumilikdə bu rabitə növünün insan sağlamlığına təsiri o qədər də ürəkaçan deyil”.

Bakıvaxtı.az Azərbaycan Tibb Universitetinin saytına istinadla xəbər verir ki, bunu ATU-nun Tədris Cərrahiyyə Klinikasının nevropatoloqu Yeganə Rəşidova deyib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 10 il ərzində 13 ölkədə aparılmış tədqiqatların nəticəsinə əsasən, mobil telefonlardan çox istifadə edən insanlarda xərçəng xəstəliklərinin yaranma ehtimalı daha böyükdür və statistika göstərir ki, mobil telefon aludəçiləri xərçəng xəstəliklərinə 50 faiz daha çox tutulurlar:

“Müasir mobil telefonlarla danışan zaman bir dəqiqə ərzində insan beyninə 217 elektromaqnit impuls ötürülür. Təbii ki, bu “zərbə”lərə hamı tab gətirə bilmir. Xüsusilə məktəb yaşlarında olan uşaqlara bu, olduqca mənfi təsir göstərir. Buna görə də mütəxəssislər bu yaşda olanlara mobil telefonlardan istifadə etməməyi məsləhət görür. İsveçdə aparılmış tədqiqatların nəticələrindən aydın olub ki, 8-12 yaşlarında mobil telefondan istifadə edən uşaqlar 21 yaşda mobil telefondan istifadə edənlərdən daha çox mənfi təsirə məruz qalır.

Ekspertlər bildirir ki, mobil cihazlardan asılılıq insanlara ilk növbədə fiziki baxımdan mənfi təsir göstərir. Qeyd olunur ki, bu cihazların yaratdığı şüalar hətta genlərin mutasiyasına səbəb ola bilər. Ümumiyyətlə, mobil telefonlar radioqəbuledicidir və burda çox böyük radiodalğalar sayəsində maqnit sahəsi yarandığından, xüsusən uşaq orqanizminə, yaşlı insanlara, hamilə qadınlara zərərlidir”.

Həkim deyir ki, işdə və evdə olarkən mobil telefonu özündən kənarda saxlamağa çalışmaq lazımdır. Onlardan gün ərzində minimum istifadə edilməlidir. Daha yaxşı olar ki, mobil telefonla danışan zaman qulaqcıqlar və digər xüsusi qurğulardan istifadə olunsun:

“İnsanlar gecə yatanda mobil telefonlarını bədəndən mümkün qədər uzaq məsafədə saxlamalıdır. Bu məsafə ən azı 2 metr olmalıdır. Bu, radiasiyanın təsirinin və bununla da sağlamlıq üçün risklərin azalmasına kömək edər. Bu şüalar ilk növbədə, ürək ritminə mənfi təsir göstərir, həmçinin orqanizmin özünü tənzimləmə prosesinə mane olur, bioritmləri zəiflədir, orqanizmi həyəcanlandırır. ÜST-ün bu haqda apardığı geniş tədqiqatlar bu dalğaların sağlamlığa vurduğu ziyanın reallığını təsdiq edib”.

Mütəxəssis mobil telefonların mənfi təsirlərindən qaçmaq üçün əlavə məsləhətlər də verib:

“Hər axşam yuxudan iki saat əvvəl mobil telefonu söndürün. Halbuki, bu əsas üsuldan çox az istifadə edirlər. Ən azı interneti bağlayın, bu zaman ətrafda şüalanma az olacaq. Telefonu üzərinizdə gəzdirməyin, xüsusilə ürəyinizə yaxın bir yerdə saxlamayın və çalışın ki, zəngli saat qurmaq üçün ondan istifadə etməyəsiz. Elektrik şəbəkəsinə qoşulmuş telefonu qətiyyən yastığın altına qoymayın. Xüsusilə kişilər bilməlidir ki, smartfon üçün ən pis yer şalvarın cibidir”.

Telefondan minimum istifadə etməyin və onu bədənimizdən ən azı 2-2,5 metr məsafədə saxlamağın vacibliyini bir daha vurğulayan həkim, onun yuxu pozulmasına səbəb olduğunu da nəzərə çatdırıb. Belə ki, gecə vaxtı telefon ekranının işığı beynimizə sanki hələ də gündüz olması siqnalını ötürür.

Ona görə də sağlamlığını düşünən, yuxusunu normallaşdırmaq və ruhunu dincəltmək istəyənlər bu qaydalara riayət etməlidir.


SON XƏBƏRLƏR

18 May 2024