“İsmayıllı-Qaraməryəm Müsüslü dövlət əhəmiyyətli yol, respublika əhəmiyyətli yollar sinifində ikinci kateqoriyaya aiddir”.
Bunu həmin yolun yararsız olması ilə bağlı Bakıvaxtı.az-a məlumat verən nəqliyyat eksperti Aslan Əsədov bildirib.
A.Əsədovun sözlərinə görə, bu yolun əhəmiyyəti onun respublikanın Mərkəzi Aran bölgəsinin Şimal-Şərq, Şimal-Qərb rayonlarını, o cümlədən Mərkəzi Aran bölgəsini dağlıq ərazilərlə birləşdirən ən qısa avtomobil yolu olmasıdır.

Aslan Əsədov, Nəqliyyat eksperti
Müsahibimiz nəzərə çatdırıb ki, bu yol Bakı-Şamaxı-Muğanlı-Şəki-Laqodaxı yolunu, Bakı-Şamaxı-Muğanlı-Yevlax yolu ilə, o cümlədən, Bakı-Ələt-Qazax Gürcüstan sərhədi avtomobil yollarını birləşdirən təxminən 42 km-lik də olan bir yoldur və 2013-cü ildə Qaraməryəm-İsmayıllı regionların iqtisadi inkişafı planına əsasən o yol təmir olunsa da təxminən 22 km-lik hissə isə təmirsiz vəziyyətdədir.
Yolun təmir olunmamasından danışan ekspert qeyd edib ki, bunun səbəblərdən biri kimi əsasən yol üzərində yerləşəcək yolötürücü qurğuların daha çox pul vəsaiti aparması göstərilir:
“Əslində bu, elə deyil. Kifayət qədər sınaqlar da keçirilə bilər. Fövqəladə Hallar Nazirliyi, eyni zamanda digər aidiyyəti qurumlar həmin ərazilərdə monitorinq apararaq, yol üzərində yerləşən körpülər və mühəndis qurğulara baxış keçirə bilər. Mən ümid edirəm ki, o yolda ciddi nöqsanlar olmaz. Dövlət büdcəsindən ayrılmış müəyyən bir məbləğlə o yol təmir oluna bilər”.
Yolun Mərkəzi Aran və Cənub-Şərqi əhalisinin təxminən 700 min-1 milyona yaxınına xidmət göstərdiyini vurğulayan ekspert söyləyib ki, həmçinin Göyçay, Kürdəmir, İmişli, Şirvan, Ucar, Zərdab, Hacıqabul kimi bölgələrin respublikanın daha çox turizm bölgəsi olaraq tanınan , dövlət büdcəsinə külli miqdarda təminat verə bilən Qəbələ, Şəki, Oğuz turistik bölgəsi ilə çıxışını təmin edir. Onun sözlərinə görə, bu da o deməkdir ki, həmin yolun yararsız olması orada yaşayan əhalinin istirahətini ənəgəlləyə bilər:
“O, 25 000 əhaliyə xidmət edən və 16 kəndin gündəlik istifadəsində olan bir yoldur”.
Mina Mikayılova
















