Bir neçə gündür təmir işlərinə görə Bakının bəzi yollarında nəqliyyatın hərəkəti məhdutlaşdırılıb.
Yeni tədris ilinin başlaması və rayonlarda istirahət edənlərin Bakıya qayıtdığı vaxtda paytaxtın bəzi yolları təmirə görə bağlanması narazılığa səbəb olub.
Nəqliyyat eksperti Elməddin Muradlı Bakıvaxtı.az-a bildirib ki, yolların təmiri plan üzrə aparılır.
“Təəssüflər olsun ki, bəzən günün pik saatlarında, iş günlərində yollarda təmir işlərinin şahidi oluruq. Problemlər var, amma, ümumən, biz bütün küçələrdə baş verən təmirdən xəbər tutmuruq. Bir də görürük, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayır ki, Binəqədi rayonunda hansısa küçə təmir olunub. Bunu görmürük, çünki əsas nəqliyyat axını olan küçə deyil. Yəni bu küçə bağlı olsa belə, narahatlığı hiss eləmirik. Amma Tiblisi prospekti kimi bəzi küçələr var ki, həmin küçələrdə təmir-bərpa işləri başlayan kimi avtomatik olaraq kəsişən və paralel küçələrdə də öz effektini göstərir, tıxac müşahidə edilir. Yəni bunlar o demək deyil ki, işlər xaotik şəkildə aparılır. Çünki biz həmişə istəyirik ki, yollar rahat, keyfiyyətli olsun. İstəyirik, elə vaxt iş görsünlər ki, heç kim narahat olmasın. Bu da mümkün deyil”.
Ekspert vurğulayıb ki, Bakı az qala 5 milyon əhalinin yaşadığı bir şəhərə çevrilib: “Rəsmi olaraq 3 milyon deyilir, amma aşağı-yuxarı 5 milyon var. Şəhərdə sıxlıq hələ də qalır, çünki insanlar pandemiya, müharibə, quru sərhədlərin bağlı olması səbəbindən xarici ölkələrə gedə bilmirlər. Hər kəs şəhərdə qalıb, sıxlıq yaranıb. Yolların təmirə ehtiyacı var, rahatlığı təmin etmək üçün bir neçə gün səbr etmək lazımdır”.
Aytac Aslan
















