• Bakı 12° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Ekspert TƏKLİF VERDİ: Universitetlər “YOX” DEDİ

CƏMİYYƏT

29 Sentyabr 2022 | 16:45

Ekspert TƏKLİF VERDİ: Universitetlər “YOX” DEDİ

Ali və orta təhsil müəssisələri yeni dərs ilinə başlayandan şəhərdə sıxlıq, dəhşətli tıxaclar müşahidə olunur. Əksəriyyət paytaxtda tıxacların qarşısını almaq üçün universitet və orta məktəblərdə dərslərin müxtəlif saatlarda başlamasını təklif edir. Bəziləri isə məsələnin həllini ali və orta ixtisas təhsili müəssisələrinin mərkəzdən kənara çıxarılmasında görür.

Bakıvaxtı.az-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, məsələ ali və orta ixtisas təhsili müəssisələrinin mərkəzdən kənara çıxarılması ilə həll olmayacaq. Bu, uzun və bahalı bir prosesdir: "Düşünürəm ki, biz ilk növbədə mərhələli şəkildə Bakı şəhəri üzrə ali və orta ixtisas təhsili müəssisələrinin plan yerlərini azaltmalı, bölgə universitetlərində plan yerlərini artırmaq hesabına Bakıya gələcək insanların sayını süni şəkildə azalda bilərik".

Ekspert hesab edir ki, bundan başqa, insan hərəkətinin sayını azaltmaq üçün pandemiya dövründə olduğu kimi ali və orta orta təhsili müəssisələrində, orta məktəblərdə bəzi fənlər online-distant formada tədris olunmalıdır. "Misal üçün həftədə bir neçə gün dərslər online-distant formada tədris olunmalıdır ki, bu da aktiv hərəkətin sayını azaldacaq", - deyə Kamran Əsədov vurğulayıb.Səslənən təkliflə bağlı universitetlərin də mövqeyini öyrəndik.

Azərbaycan Dillər Universitetinin mətbuat katibi Cavid Zeynallı Bakıvaxtı.az-a bildirib ki, ali və orta təhsil müəssisələrində tədris başladıqdan sonra şəhərdə tıxac probleminin olması yeni mənzərə deyil: “Bu, illərdir belədir. Azərbaycan Dillər Universitetində bununla bağlı onlayn, yaxud hibrid təhsilə keçməklə bağlı hər hansı məsələ müzakirə olunmur və bununla bağlı hər hansı təlimat yoxdur”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi Cavid Hüseynov  Bakıvaxtı.az-a deyib ki, hazırda sıxlığın olması məlum məsələdir: “Lakin bizdə tədrisin bu məsələyə görə hibridləşdirilməsi nəzərdə tutulmur. Hibrid və onlayn təhsil pandemiya dövrünün məcburiyyəti olaraq tətbiq edilirdi. Normal vaxtlarda isə dərslə ənənəvi formada keçirilir. Bununla bağlı hazırda hər hansı dəyişiklik nəzərdə tutulmur”.

Azərbaycan Universitetinin mətbuat katibi Lalə Dilanovanın Bakıvaxtı.az-a dediyinə görə, Azərbaycan Universitetinin tələbə sayı Bakıda tıxaca təsir göstərəcək qədər deyil: “Biz dərslərimizi 2021-ci ilin sentyabr ayından başlayaraq bütün fakültə və səviyyələr üzrə ənənəvi formada təşkil edirik və dərslərin bir qisminin onlayn keçirilməsinə dair hər hansı qərar yoxdur”.

Azərbaycan Memarlıq və İnşaat Univetsitetinin mətbuat katibi Nicat Abdullayev Bakıvaxtı.az-a bildirib ki, Bakı Azərbaycanın ən böyük şəhəridir və yerləşmə səviyyəsinə görə dünyanın böyük meqapolisləri ilə müqayisə olunur: “Bakıda yaranan sıxlığı və yollardakı tıxacları tam olaraq ali və orta təhsil müəssisələrində tədrislə, yaxud da şagird-tələbə sayının çoxluğu ilə əlaqələndirmək doğru olmazdı. Əlbəttə ki, ali və orta təhsil müəssisələrinin də sıxlıqda xüsusi payı var. Bununla belə, hesab edirəm ki, tədrisi onlayn təşkil etməklə sıxlığı aradan qaldırmaq mümkün olmayacaq. Çünki yay aylarında, yəni dərslər olmayan zaman da səhər və axşam saatlarında sıxlıq müşahidə olunur”.

Onun sözlərinə görə, pandemiyadan sonra bu il Azərbaycan Memarlıq və İnşaat Universitetində tədris tamamilə ənənəvi qaydada təşkil olunub. Hazırda universitetdə  tədris metodunun dəyişdirilməsi ilə bağlı məsələ gündəlikdə deyil: "Qeyd etmək istərdim ki, hazırda işğaldan azad olunan ərazilərimizdə sürətli tikinti-quruculuq işləri həyata keçirilir. Bu prosesin uğurla davam etməsi üçün yüksək ixtisaslı memarlara, inşaat mühəndislərinə tələbat çox yüksəkdir. Bu və universitetimizdə hazırlanan digər ixtisaslar üzrə əyani, laboratoriya dərsləri xüsusi əhəmiyyət kəsb edir”.

Aytac Aslan


SON XƏBƏRLƏR