Yeni Zelandiyadan Avstraliyaya köçən ailənin yük bölməsinə təhvil verdiyi "Mittens" adlı pişik unudulub.
Bakıvaxtı.az xəbər verir ki, pişik 24 saat ərzində iki ölkə arasında 3 dəfə səyahət edərək ailəsinə qovuşub.
Yeni Zelandiyanın Christchurch şəhərindən Avstraliyanın Melburn şəhərinə köçən ailə 8 yaşlı pişikləri ilə birlikdə təyyarəyə minib. Pişiyin sahibi Margo Neas verdiyi açıqlamada, Avstraliyaya çatdıqdan sonra 3 saat gözlədiklərini, lakin yük bölməsindəki pişiyin təhvil verilmədiyini bildirib.
Neas qeyd edib ki, pişiyin harada olduğunu soruşduqda, yük bölməsindəki əşyalar arasında Mittensin fərq edilmədiyini və təyyarənin artıq Yeni Zelandiyaya geri döndüyünü öyrənib.
Daha sonra təyyarə heyəti pişiyi Melbourne istiqamətində olan başqa bir reysə təyin edərək onun ailəsinə çatdırılmasını təşkil edib.
Beləliklə, Mittens 24 saat ərzində Yeni Zelandiya və Avstraliya arasında 3 dəfə uçaraq ailəsinə qovuşub.
Air New Zealand hava yolları şirkətinin nümayəndəsi Alisha Armstrong baş verənlərə görə pişiyin sahiblərindən üzr istəyib.
Nuriyyə Musayeva