q
  • Bakı 24° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.9986

    RUB - 2.3056

Trampın "51-ci ştat" siyasəti: Qlobal sistem təhlükəylə üz-üzədir

SİYASƏT

13 May 2026 | 12:38

Trampın 51-ci ştat siyasəti: Qlobal sistem təhlükəylə üz-üzədir

Dünya siyasətinin səhnəsi yenidən sərt güc ritorikasının kölgəsinə bürünür. Bir zamanlar “demokratiya ixracı” və “qlobal əməkdaşlıq” şüarları ilə çıxış edən Vaşinqtondan indi daha fərqli səslər gəlir.

Donald Tramp tərəfindən səsləndirilən “Venesuelanı ABŞ-nin 51-ci ştatına çevirmək” barədə fikirlər sadəcə siyasi populizm deyil, həm də XXI əsrdə böyük dövlətlərin yenidən nüfuz savaşına qayıtmasının simvolu kimi görünür.

Bu ritorika beynəlxalq münasibətlər sistemində yeni bir sualı aktuallaşdırır: ABŞ yenidən açıq imperiya siyasətinə dönürmü?

Əgər belədirsə, qlobal güc balansının digər iki əsas aktoru - Çin və Rusiya buna necə cavab verəcək? Çünki Venesuela təkcə Latın Amerikası ölkəsi deyil; enerji resursları, geosiyasi mövqeyi və anti-Qərb blokundakı rolu ilə böyük güclərin strateji oyun meydanına çevrilmiş dövlətdir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli deyib ki, Donald Trampın həm açıqlamaları, həm də davranışları ABŞ-nin qlobal nüfuzuna ciddi zərbə vurur:

"Çünki o, bir çox hallarda siyasi-diplomatik normaları aşır, etik çərçivələri pozur və nəticədə beynəlxalq aləmdə qəbul olunmuş dövlət başçısı modelindən fərqli davranış sərgiləyir. Ümumilikdə isə Trumpın ritorikası və siyasi xətti qlobal sistemdə mövcud olan tarazlığın zəifləməsinə təsir göstərən əsas amillərdən biri kimi qiymətləndirilir".

Elçin Xalidbəyli, politoloq

Onun sözlərinə görə, Tramp administrasiyası faktiki olaraq qlobal məkanda yalnız ABŞ hegemonluğunu gücləndirməyə deyil, eyni zamanda Vaşinqtonun təsir dairəsini genişləndirməyə yönəlmiş sərt siyasi kurs nümayiş etdirir:

"Bundan əvvəl Donald Trampın Kanadanın ABŞ-nin “51-ci ştatı” olması ilə bağlı səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olmuşdu. İndi isə Venesuela ilə bağlı sərgilənən yanaşmalar da beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur. Xüsusilə Venesuela məsələsi qlobal hüquq və dövlət suverenliyi baxımından təhlükəli presedent kimi qiymətləndirilir. Belə yanaşmalar beynəlxalq münasibətlər sistemində daha güclü dövlətlərin zəif ölkələrə qarşı sərt və birtərəfli addımlarını legitimləşdirmək riski yaradır. Bu isə gələcəkdə digər böyük güclərin də oxşar davranışlara əl atmasına zəmin formalaşdıra bilər".

Həmsöhbətimiz qeyd edib ki, bu baxımdan Tramp administrasiyasının siyasəti həm Çin, həm də Rusiya kimi qlobal güclər üçün əlavə arqumentlər yaradır. Əgər Çin region ölkələrinə qarşı daha sərt siyasət yürüdərsə və ya Rusiya qonşu dövlətlərə təzyiq siyasətini genişləndirərsə, ABŞ-nin buna hansı siyasi və hüquqi əsaslarla etiraz edəcəyi ciddi sual doğurur.

"Rusiyanın artıq uzun illərdir imperiya təfəkkürü ilə hərəkət edən dövlət kimi qiymətləndirildiyi məlumdur. Bu səbəbdən də sərhəd qonşuları üçün təhlükə mənbəyi olaraq qalır. Mövcud proseslər fonunda belə qənaət formalaşır ki, Trump administrasiyasının davranışları beynəlxalq münasibətlər sistemində gərginliyi artırır və qlobal siyasi nizamın daha da zəifləməsinə səbəb olur",- Elçin Xalidbəyli fikrini yekunlaşdırıb.

Murad İsmayıl


SON XƏBƏRLƏR

12 May 2026