“Dünyada və coğrafiyamızda baş verən son siyasi hadisələr, müharibələr, şər qüvvələr çıxarmaq istədikləri müəyyən bir ünvana doğru qurulan və edilməsi arzulanan, vahid mərkəzdən idarə olunan siyasətin məhsuludur. Bu ünvan güclənən Türkiyə Respublikası və formalaşmaqda olan Türk Birliyidir”.
Bunu Bakıvaxtı.az-a “Söz Bir” Hərəkatının başqanı, doktor Abil Babaoğlu deyib.
Onun sözlərinə görə, dünyaya və bölgəyə ədalət gətirəcəyi gözlənilən bu birlik bu şər ocaqların yuxusunu pozub. A.Babaoğlu qeyd edib ki, bütün dünyamızı girov götürmək istəyən bu güclər, onları dayandıracaq yeganə gücün Türk Birliyi olduğunu bildikləri üçün bu birliyin yaranmasının qarşısını almaq üçün hər cür strategiyaya əl atacaqlar:
“Bu, Türkiyə və Türk Cümhuriyyətlərinə qarşı iqtisadi, siyasi, psixoloji və nəhayət, hərbi müharibə ola bilər”.
“Gün birlik, birləşmək günüdür” deyən Abil Babaoğlu türkdilli dövlətlərin başçılarına müraciət edib.
“Bu gün Türkiyəmiz ağrılı təbii fəlakətlə üzləşib. Zəlzələ nəticəsində onlarla şəhər, yüzlərlə kənd və qəsəbə dağılıb, minlərlə insanımız həlak olub, yüz minlərlə insan yaralanıb” deyə bildirilən müraciətdə qeyd olunur ki, bu gün Türkiyənin yanında olmaq və ona dəstək olmaq kifayət edə bilər.
“Ancaq sabah üçün bu kifayət deyil. Gec olmadan bütün Türk cümhuriyyətlərinin prezidentləri təcili bir araya gələrək konfederativ dövlət olan Türk Birliyinin yaranmasının əsasını bütün dünyaya bəyan etməlidirlər. Türk Birliyi indi iqtisadi, siyasi və hərbi birlik olan vahid dövlət şəklini almalıdır.
Hər qaranlığın sonunda bir işıq var. Əminik ki, Türkiyəmizin bu gün yaşadığı bu qaranlıq günlər sabah çox parlaq və işıqlı olacaq, işığın nuru Türk Birliyi olacaq”, - deyə müraciətdə vurğulanır.
Murad Məmmədli
















