• Bakı 26° C

    13.06 m/s

  • USD - 1.7

    EUR - 1.9593

    RUB - 2.051

Türkiyə hökuməti kadr dəyişikliyinə gedir?

DÜNYA

14 Avqust 2026 | 15:18

Türkiyə hökuməti kadr dəyişikliyinə gedir?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Nazirlər Kabinetində ciddi kadr islahatları həyata keçirə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin "Gazete Pencere" nəşri məlumat yayıb.

Xüsusilə bildirilir ki, ölkənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır tutduğu vəzifəni itirə bilər. Buna səbəb kimi Çinin BYD avtomobil nəhənginin Manisa vilayətində dəyəri bir milyard dollar olan və 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılan elektromobil, eləcə də hibrid avtomobillər zavodunun inşası layihəsini dayandırması göstərilir. Kacırın yerinə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgünün gətiriləcəyi ehtimal olunur.

İddialara görə, Türkiyənin hazırkı ekologiya naziri Murat Kurum nəqliyyat və infrastruktur naziri postunda Abdulkadir Uraloğlunu əvəz edə bilər. Bu, Bosfor boğazından yan keçəcək "Kanal İstanbul" gəmiçilik layihəsinin icrası ətrafındakı vəziyyətlə əlaqələndirilir. Hələ 2011-ci ildə Ərdoğanın baş nazirliyi dövründə elan edilən bu layihənin inşası, Türkiyə rəsmilərinin məlumatına görə, 20 milyard dollara başa gələcək. Uraloğlu daha əvvəl bildirmişdi ki, rəsmi Ankara layihədən imtina etməyib və maliyyələşmə tapılan kimi onun icrasına başlanılacaq.

Həmçinin ticarət naziri Ömer Bolat ilə gənclər və idman naziri Osman Aşkın Bakın da vəzifələrindən gedə biləcəyi bildirilir. Onların hansı səbəbdən uzaqlaşdırılacaqları açıqlanmır.

Qeyd edək ki, bu ilin fevralında Ərdoğan daxili işlər və ədliyyə nazirlərini dəyişsə də, hökumətin 2023-cü ildə formalaşdırılmasından bəri kabinetdə başqa ciddi dəyişikliklər baş verməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR