• Bakı 19° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.9274

    RUB - 2.0529

Uşağın sağalması üçün ayağına dua yazdırıblar - Tibb və din nə deyir?

CƏMİYYƏT

05 May 2025 | 11:22

Uşağın sağalması üçün ayağına dua yazdırıblar - Tibb və din nə deyir?

Azərbaycanda bir uşağın dəmrov xəstəliyindən sağalması üçün onu mollaya aparıb ayaqlarına dua yazdırıblar.

Bu kimi hallar təəssüf ki, hələ də cəmiyyətimizdə tez-tez müşahidə olunur. İnsanlar tibbi müalicə əvəzinə qeyri-elmə əsaslanan müxtəlif  üsullara üz tuturlar. Halbuki belə yanaşmalar xəstəliyin sağalmasına deyil, əksinə, daha da ağırlaşmasına səbəb ola bilər.

Adil Qeybulla: Bu, savadsızlıqdan irəli gələn bir yanaşmadır, bunun başqa izahı yoxdur

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, təəssüf ki, bu gün cəmiyyətimizdə hələ də “ara həkim”ə və ya çöpçüyə getmək kimi yanlış vərdişlər mövcuddur. Bu, sadəcə savadsızlıqdan irəli gələn bir yanaşmadır və bunun başqa izahı yoxdur:

"Bəzən insanlar çarəsizlikdən bu yola üz tuturlar. Amma istənilən halda buna haqq qazandırmaq olmaz. Bu cür halların ciddi və təhlükəli nəticələrə səbəb ola biləcəyini unutmamalıyıq".

Müsahibimiz vurğulayıb ki, müasir dövrdə tibb çox böyük inkişaf yolu keçib:

"Bu gün müxtəlif xəstəliklərin diaqnostikası və müalicəsi beynəlxalq və yerli klinik protokollar əsasında həyata keçirilir. Tibbin bu səviyyəyə çatdığı bir zamanda insanlar qeyri-rasional üsullara üz tutmamalıdırlar".

Həkim qeyd edib ki, ölkədə İcbari Tibbi Sığorta sistemi fəaliyyət göstərdiyi halda insanların "ara həkimlərə" müraciət etməsi qəbuledilməzdir:

"Bu gün ölkəmizdə dünyanın aparıcı ölkələrində - Avropada, qardaş Türkiyədə təhsil almış, yüksək ixtisaslı mütəxəssislərimiz çalışır. İcbari Tibbi Sığorta sistemi vasitəsilə vətəndaşlar pulsuz tibbi xidmət almaq imkanına malikdirlər. Bu qədər peşəkar həkimlər mövcud olduğu halda, nəyə görə insanlar qeyri-peşəkar, tibbi təhsili olmayan şəxslərə müraciət edirlər? Bu yanaşma nə tibbi cəhətdən, nə də məntiq baxımından əsaslandırıla bilməz".

Mütəxəssis bildirib ki, əksinə, belə addımlar sağlamlığa ciddi ziyan vuraraq, xəstəliyin daha ağır nəticələrə səbəb olmasına gətirib çıxara bilər:

“İnsanlar başa düşməlidirlər ki, sağlamlıq şansa və təxminə buraxıla bilməz. Müasir tibbin imkanlarından yararlanmaq hər bir vətəndaşın hüququ və eyni zamanda məsuliyyətidir".

Elşad Miri: İslamda dua yazdırmaq kimi bir yanaşma yoxdur

Məsələnin dini tərəfini izah edən ilahiyyatçı-alim Elşad Miri Bakıvaxtı.az-a deyib ki, İslamda dua yazdırmaq kimi bir yanaşma yoxdur:

"Son illərdə bəzi insanlar insanlara “namaz yazdırmaq”, “insan üçün xüsusi dua etmək” və ya “pul müqabilində dua etmək” kimi üsullarla müraciət edirlər ki, bu da İslamın təməl prinsiplərinə ziddir. Bu cür davranış dini mənfəət vasitəsinə çevirir və Allahla Onun bəndəsi arasında olan pak münasibətə xələl gətirir".

O qeyd edib ki, dua Allaha edilir və hərəkətlərimizlə də həyata keçirilir:

"Dua təkcə sözlə deyil, həm də əməllə həyata keçirilir. Müsəlman namaz qıldıqdan sonra əlindən gələni etməli və niyyətinə uyğun hərəkət etməlidir. Heç bir səy göstərmədən sadəcə dua edib nəticə gözləmək İslamın ruhuna ziddir".

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR