"Uşaqlarda başın tərləməsi hər zaman xəstəlik əlaməti hesab olunmur".
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gülnarə İlyasova deyib.
Onun sözlərinə görə, müayinə və qiymətləndirmədən sonra uşaqlarda müşahidə olunan tərləmələrin əksəriyyəti fizioloji, yəni normal hal kimi dəyərləndirilir. Həkim qeyd edib ki, isti otaqda olmaq, qalın geyinmək, fiziki aktivlik və qidalanma zamanı uşağın, xüsusilə də baş nahiyəsinin tərləməsi normaldır.
G.İlyasova bildirib ki, uşaqlarda baş nahiyəsində qan dövranı daha zəngin olduğundan, qidalanma və enerji sərfiyyatı zamanı həmin bölgədə tərləmə daha çox müşahidə oluna bilər. Bu, orqanizmin temperaturu tənzimləmə mexanizminin bir hissəsidir və narahatlıq doğurmamalıdır.
Padiatr vurğulayıb ki, gecələr paltar dəyişəcək qədər güclü tərləmə, bununla yanaşı arıqlama, iştahsızlıq, təngnəfəslik, ürəkdöyünmənin sürətlənməsi və çəki itkisi kimi əlamətlər müşahidə olunarsa, bu artıq patoloji hal hesab edilir və mütləq həkim müayinəsinə ehtiyac yaranır.
O, valideynlər arasında geniş yayılmış yanlış təsəvvürə də toxunaraq bildirib ki, hər tərləməni D vitamini çatışmazlığı ilə əlaqələndirmək düzgün deyil. Onun sözlərinə görə, raxitin ilkin əlamətlərindən biri baş tərləməsi olsa da, uşağın tərləməsi hər zaman D vitamini çatışmazlığından xəbər vermir. Müntəzəm olaraq D vitamini qəbul edən uşaqlarda bu səbəbdən yaranan problemlər adətən müşahidə olunmur.
Aynur Babazadə
Bakı 



