• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Uşaqlarımızı əmanət etdiyimiz bağçada nə baş verir? -  İLGİNC DETALLAR

GÜNDƏM

24 Fevral 2023 | 17:23

Uşaqlarımızı əmanət etdiyimiz bağçada nə baş verir? - İLGİNC DETALLAR

Biz təhsil müəssisələrinə təhsil ocağı deyirik. Çünki ocaq bizim üçün müqəddəs mənanı ifadə edir. Dövlətimizin və millətimizin gələcəyi olan övladlarımızı yola saldığımız təhsil müəssisəsi bizim üçün toxunulmaz yerdir, dəyərdir. 

Həmin yerlərdən biri də Qaradağ rayonu Lökbatan qəsəbəsi, “Qobu-Park” yaşayış kompleksində yerləşən 344 nömrəli körpələr evi-uşaq bağçasıdır.

Bu məktəbəqədər təhsil müəssisəsinin inzibati binası 2018-ci ildə istifadəyə verilib. Təxminən bir il öncə yerli icra hakimiyyətinin balansında olmuş bu dövlət bağçası Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.  Bəli, bağçanın binası yenidir, idarəetmə forması dəyişib, amma burda “köhnə qaydalar” qüvvədədir. Bu cümlələrin müəllifi də həmin qaydalardan şikayətçidir. 

Dövlət təhsil müəssisəsi olan bağça kommersiya qurumu kimi idarə edilir. İdarəetmədə şəffaflıq yoxdur, valideynlərin bilməli olduğu məlumatlar onlardan gizlədirilir. Məsələn, burada Əmək Məcəlləsi, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında” və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının qanunları, Nazirlər Kabinetinin müvafiq qərarları tətbiq edilirmi? Yoxsa, təhsil müəssisəsi hələ də “Burda mən, Bağdadda kor xəlifə" prinsipi ilə idarə edilir? Cavabsız suallar çoxdur. 

Məsələn, bağçada uşaqların nə yeməsi və nə qədər yeməsi ilə bağlı valideynə məlumat verilmir.

Bəli, narahatedici məqamlardan biri də uşaqların qida ilə təminatıdır. Uşaqların qaydalara və normalara uyğun qida ilə təmin edilib-edilməməsi sual altındadır. Bəzi valideynlər də təsdiq edə bilər ki, uşaqlar bağçadan evə ac gedirlər, tez-tez qarnı ağrıyır və immuniteti zəifləyən uşaqlar xəstələnirlər. Nəticədə uşaqlar günlərlə bağçaya getmirlər. Müxtəlif səbəblərdən bağçaya gəlməyən uşaqların qida təminatı necə istifadə edilir? Uşaqlar harda və necə yatır? Çarpayı sayı uşaqların sayına uyğundurmu? Çox təəssüf ki, valideynlər övladlarından xəbərsizdir.

***

Əmək Məcəlləsinin 89-cü maddəsində göstərilir ki, gündəlik normal iş vaxtının müddəti 8 saat, həftəlik normal iş vaxtının müddəti isə 40 saatdır. 

Saat 08:30-dan sonra bağçaya uşaqların qəbulu başa çatır, qapılar bağlanır və valideynlərlə yanaşı uşaqlar da binaya daxil ola bilməz. Bağçanın qapıları saat 17:05-dən sonra valideynlərin üzünə açılır. Bu faktları bağçanın videomüşahidə kameralarının yaddaşı da təsdiqləyə bilər. Bağça rəhbərliyi iş rejiminə dəyişiklik edibmi? Müəllimlər və dayələr neçə saat işləyirlər? 8 saat işləyən və saat 18:00-da işdən çıxan valideyn övladını bağçadan niyə götürə bilmir?

Bu abzasda bağça rəhbərliyinin məntiqə zidd, dünyada analoqu olmayan qərarından yazmaq istəyirəm. Deməli, uşaq arabası ilə uşaq bağçasının dəhlizinə daxil olmaq qadağandır.

Bunu sanitar-gigiyenik normaları ilə əlaqələndirirlər. Hər bağçanın ştatında təmizlik işçiləri nəzərdə tutulub və dövlət büdcəsindən ayrılan maliyyə hesabına onlar təmizlik vasitələri ilə təmin olunmalıdır. İndi sual yaranır:  Bağçanın təmizlik işçiləri varmı? Onların iş rejimi necədir və təmizlik vasitəsilə təmin olunurmu? Təmin olunursa, niyə ayaqqabı ilə daxil olduğumuz bağçanın dəhlizinə, uşaq arabası ilə daxil olmaq olmaz?

***

Uzun müddət uşaqlar bir otağa yığıldığı üçün onlarda oksigen çatışmazlığı yarana bilər. Uşaqlarda beynin inkişafı üçün oksigen vacibdir. Valideyn günün sonunda övladını bağçadan götürməyə gələn zaman uşaq bağçanın həyətində bir neçə dəqiqə gəzmək və karuseldə oynamaq istəsə, valideynilə birlikdə buranı tərk etməyi tələb edə bilərlər. Dövlətin uşaqlar üçün yaradılan şəraitdən övladımız istifadə edə bilmir. Niyə?

***

Əlbəttə, bağça rəhbərliyi peşəkar olarsa, öz məsuliyyət və öhdəliklərinin fərqində olacaq və valideynlər qarşısında hesabatlı olmağa çalışacaq.  

Axı, uşaqlar gələcəyin, müəllimi, həkimi, hərbçisi, bəlkə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmanlıq göstərərək şəhid olacaq.  

“Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda qeyd olunub ki, bağça müdirləri məktəbəqədər təhsil və ya idarəetmə üzrə ali təhsilə, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji staj; orta ixtisas təhsili və məktəbəqədər təhsil müəssisəsində 5 ildən az olmayaraq pedaqoji staja sahib olmalıdırlar. Bəs, 344 nömrəli körpələr evi-uşaq bağçasının müdiri bu tələblərə cavab verirmi? O bağçaya müsabiqə yolu ilə təmin olunubmu? 

***

Yuxarıda qeyd etdiyimiz suallara cavab almaq və qarşı tərəfin mövqeyini öyrənmək üçün Elm və Təhsil Nazirliyinə və qurumun yanında fəaliyyət göstərən İctimai Şuraya informasiya sorğusu göndərdik.

Nazirlikdən bildirdilər ki, uşaq arabası ilə bağçanın dəhlizinə daxil olmaqla bağlı tələb qanunsuzdur.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən informasiya sorğusuna verilən cavabda qeyd edilib ki, qeyd olunan məsələlərlə bağlı araşdırma aparılıb, müvafiq iddialar öz əksini tapmayıb.

***

Məktəb yaşına çatmamış uşaqların inkişafında mühüm rolu təhsil mühiti və onun psixoloji təhlükəsizliyi oynayır. Təhsil mühitinin necə təşkil olunacağından asılı olaraq, uşaqda gələcək təhsildə müvəffəqiyyət hissi yaranacaq və ya əksinə, psixi və fiziki sağlamlıqda pozulmalar baş verəcək.

Pedaqoqlar deyirlər ki, şəxsiyyətin formalaşması tərbiyə, təlim və sosial mühitin xarici təsirləri altında şəxsiyyətin yaranması və inkişafı prosesi, ictimai münasibətlərin obyekti və subyekti kimi insanın formalaşması prosesidir. Şəxsiyyətin formalaşması mühitin, irsiyyətin və tərbiyənin təsiri altında onun inkişafı prosesi və nəticəsidir.

Məktəbəqədər müəssisələrdə idarəetməni modelləşdirilməsinin obyekti pedaqoji prosesdir. Pedaqoji prosesin idarə olunmasında məktəbəqədər təhsil müəssisəsi rəhbərinin, pedaqoji işçilərin, uşaqlar və onların valideynlərinin qarşılıqlı fəaliyyəti təmin olunmalıdır. Pedaqoji prosesin iştirakçılarının fəaliyyəti onun bütün mərhələlərində uşaqların təlim-tərbiyə və inkişafında alınan nəticələri müəyyən edir.

Uşaqların sağlamlığının müntəzəm diqqətdə saxlanılmasının həyata keçirilməsi, valideyin-şagird-müəllim üçbucağının qarşılıqlı münasibətlərinin yaradılması, ailə-təhsil müəssisəsi münasibətlərinin səmərəli təşkili önəmlidir.

Qeyd: İnformasiya sorğusu əsasında bağçada yoxlama aparılandan sonra müsbətə doğru dəyişikliklər müşahidə olunur.  Məsələn, valideynlərə gündəlik menyular, bişirilən yeməklərin şəkili göndərilir. Amma hələ də bir uşaq üçün qidanın norması barədə məlumat veriilmir. 

Ramid İbrahimov 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026