• Bakı 29° C

    2 m/s

  • USD - 1.7

    EUR - 1.9648

    RUB - 2.1314

Xankəndidən çıxanlar, öz taleyini seçənlər: İrəvanla görünməyən sərhəd

SİYASƏT

05 Avqust 2025 | 12:44

Xankəndidən çıxanlar, öz taleyini seçənlər: İrəvanla görünməyən sərhəd

Son günlərdə Rusiya Federasiyasının xaricdə yaşayan rusiyalılarla iş və humanitar əməkdaşlıq üzrə federal agentliyi - “Rossotrudniçestvo”nun Ermənistandakı fəaliyyəti ictimai və siyasi dairələrdə müzakirə mövzusuna çevrilib.

Bakıvaxtı.az xəbər verir ki, qurumun mətbuat xidmətinin yaydığı məlumata görə, Qarabağdan könüllü şəkildə Ermənistana köç etmiş erməni ailələrinə ərzaq və zəruri ehtiyac məhsullarını əhatə edən humanitar yardımların paylanmasına start verilib. İlk mərhələdə 4 yaşayış məntəqəsində 93 ailəyə yardım çatdırılıb və avqust ayı ərzində ümumilikdə 140 tona yaxın yardımın 30 min nəfərə paylanması planlaşdırılır. Yardımların Masis icmasından başlanması, Rusiyanın bu prosesdə aktiv iştirakı və yardımların məhz Qarabağ mənşəli şəxslərə ünvanlanması müəyyən suallar doğurur.

Əsas suallardan biri isə budur: “Rossotrudniçestvo”nun bu fəaliyyəti hansı beynəlxalq və ya regional razılaşmalara əsaslanır və bu addımlar beynəlxalq humanitar hüquq çərçivəsində legitim sayılırmı, bu, Ermənistanın daxili işlərinə siyasi məqsədli müdaxilə kimi qiymətləndirilə bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Milli Məclisin deputatı Məlahət İbrahımqızı bildirib ki, Ermənistanın iqtisadi durumuna nəzər salanda bu vəziyyətə təəccüblə baxmaq olmur:

“Mən də mətbuatda, səhv etmirəmsə, ilk səhifəsində gördüm ki, Rusiyadan Ermənistana - konkret olaraq Qarabağdan köçmüş erməni ailələrinə - yardım göndərilir və bu yardımlar paylanır. Əslində burada qeyri-adi heç nə yoxdur. Mən hesab edirəm ki, Ermənistanda vəziyyət o qədər ağır və acınacaqlıdır ki, bu cür yardımların təşkil olunması təəccüblü deyil”.

Deputatın sözlərinə görə, Ermənistanın sosial-iqtisadi vəziyyəti sürətlə pisləşir:

“İqtisadi vəziyyət olduqca pisdir, yoxsulluq səviyyəsi artıq 30 faizi keçib. Bu yaxınlarda Robert Koçaryanın da iştirak etdiyi bir müsahibədə bu məsələ önə çəkilmişdi. Həmin müsahibə geniş yayılıb və orada da yoxsulluğun 30 faiz civarında olduğu qeyd olunur”.

Müsahibimiz onu da vurğulayıb ki, tarixən Ermənistanın yerli əhalisi ilə Qarabağdan olan ermənilər arasında münasibətlər heç vaxt harmonik olmayıb:

“Tarix boyu, xüsusilə də Sovet dövründə və sonrakı mərhələlərdə Ermənistan ərazisindəki ermənilərlə Qarabağda yaşayan ermənilər arasında ciddi ziddiyyətlər mövcud olub. Bu gün də bu fərq açıq şəkildə görünür. Son aylarda Qarabağdan Ermənistana köçmüş ermənilər Paşinyanın və prezidentin iqamətgahı qarşısında mitinqlər keçirirlər. Onlar bildirirlər ki, Ermənistan hökuməti onların problemlərinə tamamilə biganə yanaşır və heç bir dəstək göstərmir”.

Məlahət İbrahimqızı: Qarabağdan köçən ermənilər könüllü şəkildə oranı tərk ediblər

Məlahət İbrahımqızı bəyan edib ki, Qarabağdan köç edən ermənilərə qaçqın statusunun verilməsi beynəlxalq hüquqa ziddir:

“Təsəvvür edin, Azərbaycandan bir neçə vətəndaş Türkiyəyə, Özbəkistana və ya Almaniyaya köçsə, onlara qaçqın statusu verilir? Əlbəttə, yox. İnsan beynəlxalq hüquqa əsasən istədiyi yerdə yaşamaq hüququna malikdir. Bu, onun əsas hüquqlarındandır. Qarabağdan köçən ermənilər də eyni şəkildə könüllü şəkildə oranı tərk ediblər”.

Həmsöhbətimiz əlavə edib ki, Azərbaycan dövləti Xankəndidə yaşayan ermənilər üçün bütün hüquqi və sosial imkanları yaratmışdı:

“Portal yaradıldı, Prezidentin səlahiyyətli nümayəndəsi təyin olundu, Xankəndindəki erməni icmasının rəhbəri ilə görüş keçirildi. Dövlət başçımız dəfələrlə bəyan etdi ki, əgər onlar Azərbaycan Konstitusiyasına və dövlət rəmzlərinə hörmətlə yanaşıb vətəndaşlıq qəbul edərlərsə, onlara digər Azərbaycan vətəndaşları ilə eyni hüquqlar veriləcək - o cümlədən, yerli seçkilərdə iştirak hüququ da daxil olmaqla”.

Onun sözlərinə görə, bu imkanlara baxmayaraq, ermənilər könüllü şəkildə köçü seçiblər:

“Lakin onlar bu təklifi qəbul etmədilər. Rəsmi şəkildə ərizə yazaraq könüllü şəkildə Ermənistan ərazisinə köçmək istədiklərini bildirdilər. Bu isə o deməkdir ki, həmin şəxslərə beynəlxalq hüquqa əsasən 'qaçqın' statusu vermək mümkün deyil. Qaçqın statusu yalnız zorakılığa, təqibə və ya təhdidə məruz qalan şəxslərə aiddir. Xankəndidəki ermənilər isə heç bir zorakılığa məruz qalmayıblar”, - deyə Məlahət İbrahımqızı fikrini tamamlayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR