Mart bayramlar ayı olduğu qədər də, yaz xəstəliklərinin başladığı ay kimi də bilinir. Xəstəliklərin baş qaldırdığı yaz fəslini daha çox həkimlərin sevditi söylənilir. Hətta bu sahənin insanları baharı “çörəkli fəsil” kimi də adlandırırlar.
Yazda xroniki xəstəliklərdən əziyyət çəkənlərin həkimə müraciət etmələri mütləqdir. Orqanizmdə baş verən prosesləri xarici amillərlə izah edən həkimlər bu mövsümün mərəzlərinə yaz xəstəlikləri deyirlər.
Bu mövsümdə xəstəliklərin aktivləşməsi nəylə bağlıdır? Yaz xəstəliklərindən necə qoruna bilərik?
İnfeksionist Nicat Əzimli Bakıvaxtı.az-a bildirib ki, bunun səbəblərindən biri mart ayına qədərki qış fəsli ərzində insanların daha az vitaminli qidalardan istifadə etməsi, təbiətdə yetişən təzə meyvə-tərəvəzlə isti aylara nisbətən daha az qidalanmasıdır: “Buna əlavə olaraq havaların mart ayında hələ də soyuq olması ilə əlaqədar qapalı mühitlərin aerasiyasının az təmin oluna bilməsi nəticəsində insanların bir-birini hava-damcı infeksiyalarına yoluxdurması ehtimalının yüksək olması da bir səbəbdir”.
Yaz fəslində daha çox allergiya, mədə-bağırsaq xəstəlikləri kəskinləşir. Hansı ki, bu xəstələr il boyu stabil, remisiya vəziyyətindədirsə, yazqabağı onlarda artıq həmin xəstəliklərə qarşı günlük şikayətlər başlayır. Bundan başqa, yazda ağacların, çiçəklərin tozlanma periodunda havada uçuşan toz hissəcikləri daha çox allergik xəstəliklərdən allergik rinit, astma, bronxial astmanın kəskinləşməsinə gətirib çıxarır. Ona görə də yaz fəslinin gəlişi ilə əlaqədar allergik insanlar profilaktik tədbirlər görməlidir.
Həkimin sözlərinə görə, bu dövrdə orqanizmin immun sistemini zəifləməyə imkan verməmək üçün keyfiyyətli qidalanmaya diqqət edilməli, eləcə də açıq havada gəzinti, müxtəlif idman hərəkətləri ilə orqanizmin qan dövranını və daxili hormonal balansla birlikdə immuniteti xəstəliklərə qarşı davamlı hala gətirmək mümkündür.
Aytac Aslan
















