(İxtisasa bir balaca giriş)
Güman ki, indi hardasa xəyalında bir obraz, hüquqşünas olmağın böyük zəhmətli yolunu düşünürsən. Ya da səliqəli saçlar, xoşbəxt üzlər, ədəbli jestlər, nəzakətli və lütfkarcasına dialoqları.
Amma hüquqşünas olmaq istəyirsənsə, bilməli olduğun vacib cəhətləri oxu.
Əvvəla, hüquqşünaslığın zirvəsi riyakarlıqdır. Ədalət, düzgünlük, həqiqət yox. Məhz riyakarlıq. Əvvəlcə özündə araşdır, gör ki, riyakarlığı bacarırsanmı? Özünün bacarmağın bir hünərdir, ikinci hünər isə digər riyakarlara səmimi insan simulyasiyalarını göstərməkdir. Bu, elə bir qabiliyyətdir ki, mütəmadi inkişafdadır, nəinki hər gün, hər saat, hətta hər saniyə yeni tərəflərini aşkar edirsən. O qədər çox növləri, şəkilləri var ki, hüquqşünas çevrən genişləndikcə daha da heyrətlənirsən, yeni-yeni hallarını aşkar edirsən və heç vaxt ən riyakar ilə rastlaşa bilmərsən, mütləq daha peşəkar, daha zərif riyakarlarla rastlaşırsan. Riyakarlıq güclü və amansız rəqabətin olduğu azsaylı sahələrdən biridir. Xarakter deyil, artıq sahədir, sözlər səhv yazılmayıb. Bəlkə də bu gedişlə riyakarlıq ayrıca ixtisas olar. Hüquqşünaslıqla riyakarşünaslıq arasında güclü bağlar pərçimlənmişdir. “Pərçimlənmə” deyildi ki, söz xoşuna gəlsin, darıxmayasan.
Sonrası odur ki, mütləq riyakarlığı dəbli aksesuarlar, ədalı yerişlərlə zənginləşdir. Üz mimikan vacibdir. Nə qədər soyuq, kobud, qaraqabaq olsan, o qədər baş ucalığındır. Maddi baxımdan varlı görünməlisən, amma nitqində “zəngin” sözünü işlət. Bu, həyati əhəmiyyətlidir. Oxuduqların və oxumadıqların, bildiklərin və bilmədiklərin, yaşadıqların və yaşamadıqların yox, sərvətin maraqlıdır. Sərvətini nümayiş etdir. Elita sayılmağın üçün ilk şərtdir. Baxışlarını məşq etdir, gözlərini azca qıyıb kinayəli, yuxarıdan aşağı baxmağı öyrən. Özünü başqa insanlarla bir görmə, bərabərlik hüququ əzbərləmək üçündür. Düzdür, unutmayaq, elita sayılmağın üçün digər şərt də vəzifəli qohum-əqrəbadır.
Heç bir halda heç bir vəziyyətdə öz əməlini etiraf etmə. Bunun üçün üzərinə yönəltməyə başqaları var. Etdiklərini mütləq başqalarının adına yoz. Amma bu, yalnız məsuliyyətə aiddir. Mükafatlar üçün başqalarının etdiklərini öz adına çıxmağı öyrənməlisən. Hər kəz öz əməyinin nəticəsini görmür, belə nağıllara aldanma. Zəhmət kasıblar üçün təsəllidir.
İntriqan ol, amma maskalanmağı öyrən. Şirin dil insanların səmimiyyəti üçün yox, intriqanların peşəkarlığı üçündür. Bunu unutma.
Ədalət, həqiqət, düzgünlük, dürüstlük gözəl sözlərdir, qulağa xoş gəlir, amma yalnız avam insan bunları eşidəndə gözləri gülür. Tələdir. Hüquqşünasın gözlərini güldürən puldur, pul uğrunda təkmilləşən növbənöv riyakarlıqlardır. Ədalət və həqiqət isə nağıllardır, kütlənin rəğbəti üçün danış, amma özün aludə olma. Təkcə eramızın iki min iyirmi üç ilində bəşər övladının tapa bilmədiyini sənmi tapacaqsan?
Düşünürsən ki, hüquqşünas olmaq üçün mütləq yaxşı təhsil almalısan. Düşünmə. Hüquqşünas üçün düşünmək ilk təhlükədir. Düşündüyün andan hüquqşünas çevrəsinə daxil olmursan, çevrədən təcrid edərlər. Düşünmək bəşər övladının bütün faciələrinin səbəbidir. Ən çox düşünən ən kədərli, ən ümidsiz, ən məyus halda olar. Bütün intriqalar ona qarşıdır. Xoşbəxtlik üçün riyakarlığı təkmilləşdir və bəlağətli cümlələrlə danışmağı öyrən. Kimlərsə buna “yaltaqlıq” deyə bilər, amma sən onlara baxma, hüquqşünaslığın sirlərini, həyatın düsturlarını bilməyən, uğursuz adamlardır. Uğurun açarlarından vacibi yaltaqlıqdır.
Təhsil isə ayrı əfsanədir. Sən indi düşünürsən ki, gecə-gündüz zəhmət çəkib, yüksək rəqabətli müsabiqələrdən keçib savadlı kadr olmalısan. Amma sadəlövhsən. Həm də çox. Özünü yorma. Hara olur-olsun, hansı balla olur-olsun, qəbul ol, sonra ikinci ali təhsil hüquqşünaslıq diplomu da alarsan. Hətta ikincilər birinci ali təhsilli hüquqşünaslardan daha hörmətli, istedadlı, xüsusi dəyərli kadrlar olur. Qəbul ballarının da fikrini çəkmə, mütləq sənə “Balın nə fərqi var ki?”, “İnsan sonradan öyrənə bilməz?” deyənlər olacaq. Bunları eşitmək istəmirsənsə, deyənlərdən ol. Elə xəyal et ki, hansısa növ üzrə idman çempionatında uduzanlar ilk üç yer üzrə qalib və mükafatçı olanlara deyirlər ki, “Xalın nə fərqi var ki?” Heç bir fərqi yoxdur, fani həyatdır, savad təhsillə olmur, özünü incitmə.
Xəyal edirsən ki, elmdə intibah dövrü və ya maarifçilik hərəkatının alimləri qarşına çıxacaq. Xəyal etmə.
Hüquqşünas olmağın, xoşbəxt yaşamağın yolu riyakarlıq və intriqan olmaqdır. Ədalət və həqiqəti seçəni məyusluqdan, kədərdən başqa heç nə gözləmir. Özün bax.
Gülşən Cəbi
01.02.2023
Bakıvaxtı.az