Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Kir Starmerlə telefon danışığı aparıb.
Bakıvaxtı.az xəbər verir ki, Zelenski bu barədə öz teleqram kanalında bildirib.
"Uzun söhbətimiz oldu, sülh prosesinin (Rusiya və Ukrayna arasında – red.) planlaşdırılmasında diplomatik işin bir çox incəliklərini müzakirə etdik. Fəaliyyətlərimizi bundan sonra da əlaqələndirəcəyik və bütün Britaniya cəmiyyətinə dəstəyə görə minnətdaram. Məsləhətçilərimiz sabah İsveçrədə işləyəcəklər – Ukrayna, ABŞ və Avropa üçlüyü (Britaniya, Fransa və Almaniya) nümayəndələri", – deyə o yazıb.
Zelenskinin sözlərinə görə, Avropa ölkələrinin əksər liderləri Vaşinqton tərəfindən Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə başa çatdırılması üçün irəli sürülmüş sülh planının müzakirəsinə qoşulmağa və zəruri dəstəyi göstərməyə hazırdırlar.
"Hazırda müxtəlif səviyyələrdə məsləhətləşmələr davam edir və həqiqi, uzunmüddətli sülhə can atan hər kəsin fəallığı önəmlidir", – Ukrayna lideri vurğulayıb.
Daha əvvəl Starmer "Sky News"a müsahibəsində noyabrın 23-də Cenevrədə ABŞ, Ukrayna və Avropa ölkələrinin nümayəndələrinin iştirakı ilə Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə danışıqların keçiriləcəyini təsdiqləmişdi. Onun sözlərinə görə, Trampın planı yenidən nəzərdən keçirilməlidir.
"28 bənddən ibarət planda ədalətli və uzunmüddətli sülh üçün zəruri olan bir neçə mühüm element var, biz də bunu çox istəyirik. Plan üzərində əlavə iş aparılmalıdır. Bu gün günorta biz "istəklilər koalisiya"sı ölkələrinin liderləri ilə G20 sammiti çərçivəsində məsələni müzakirə etdik", – deyə o qeyd edib.
Bakı 



