• Bakı 18° C

    6.71 m/s

  • USD - 1.7

    EUR - 1.9252

    RUB - 2.1118

5 il sonra bu şəxslər işsiz qalacaq - ŞOK SƏBƏB
İQTİSADİYYAT
06 May 2025 | 20:53

5 il sonra bu şəxslər işsiz qalacaq - ŞOK SƏBƏB

Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Xüsusilə süni intellekt (SI) həyatın bir çox sahələrinə nüfuz edir və bir çox peşələri kökündən dəyişməyə başlayıb. Hələlik insanlar üçün alternativ olmayan sahələr olsa da, bəzi peşələr yaxın 5 ildə SI tərəfindən tam və ya qismən əvəz edilə bilər.

Bakıvaxtı.az xəbər verir ki, Musavat.com süni intellektin yaxın gələcəkdə ən çox təsir edəcəyi 10 peşəni araşdırıb.

Müştəri xidməti operatorları

Hazırda chatbotlar və avtomatlaşdırılmış cavab sistemləri bir çox şirkətlərin müştəri xidmətini əvəz edir. 5 ilə bu sistemlər daha da təkmilləşəcək, emosiya tanıma və səsli cavab imkanları ilə real insanla danışırmış kimi təəssürat yaradacaq. Beləcə operatorların sayı azalacaq və zamanla ümumiyyətlə lazım olmayacaqlar.

Kassirlər

Artıq bəzi supermarket və mağazada özünüidarəetmə kassaları istifadəyə verilib. Sİ əsaslı tanıma sistemləri, ödəniş və təhlükəsizlik alqoritmləri bu sahədə insan resursuna olan tələbatı azaldacaq. Məsələn, böyük marketlərdə 20, bəzən 30 kassa olur. Burada növbəli sistemdə 40 və ya 60 kassir çalışır. Amma özünüidarəetmə kassaları artdıqca insan əməyi lazım olmayacaq. Bir neçə kassir çalışacaq, geri qalanlar Sİ idarə olunacaq. Bu da kütləvi işsizlik deməkdir. Çoxlarının son iş yeri sırasında marketlər şəbəkəsi də daxildir.

Tərcüməçilər

Google Translate, DeepL və digər platformalar son illərdə ciddi inkişaf edib. Süni intellekt yaxın illərdə konteksti daha yaxşı anlayaraq dəqiq və təbii tərcümə edə biləcək. Xüsusən sənədlərin, vebsaytların və texniki mətnlərin tərcüməsində tərcüməçilərin yerini almaq çətin olmayacaq. Sİ sahəsi hər gün yenilənir və artıq mətnləri insan kimi yazmağa başlayıblar. İnsan üçün işi, həyatı asanlaşdırıb, özlərinə sərf etmələri üçün daha çox vaxt qazandırsa da, Sİ həm də ciddi işsizlik yaradacaq.

Data analizatorları və statistiklər

Süni intellekt böyük məlumat bazaları ilə işləməkdə insandan daha sürətli və səhvsizdir. İrəliləyən dövrdə şirkətlər məlumat analizini Sİ sistemlərinə həvalə edəcək. İnsan sadəcə nəticələrin təhlili və qərarvermə hissəsində iştirak edəcək.

Qrafik dizaynerlər

Canva kimi platformalar artıq dizayn prosesini qeyri-peşəkarlar üçün də əlçatan edib. Sİ əsaslı dizayn alətləri sadəcə bir neçə cümləlik təsvirlə afişa, logo və sosial media postları hazırlaya bilir. Bu, əsasən başlanğıc səviyyəli dizaynerlərin əvəzlənməsinə səbəb olacaq. Canva bu yaxınlarda istifadəyə verməyə hazırlaşdığı yeni Sİ özəlliyi ilə istifadəçilərinə ciddi kod bilgisi olmadan kodlamada kömək edəcək.

Jurnalistlərin bir hissəsi

Xəbər agentlikləri artıq sadə, statistik məlumatlara əsaslanan xəbərləri süni intellektlə yazmağa başlayıb. İdman nəticələri, valyuta kursları, hava durumu kimi informasiyaları insan müdaxiləsi olmadan hazırlamaq mümkündür. Ancaq araşdırma və müsahibəyə əsaslanan reportajlar hələ ki, insan jurnalistlərin nəzarətində qalacaq. Kiçik xəbərlər hazırlayan, tərcümələr edən müxbirlər zamanla gərəksiz olacaq. Bir nəfər onların gördüyü işi Sİ vasitəsi ilə tam icra edə biləcək. Hətta deyərdim ki, daha az zaman xərcləyib daha çox iş görə bilir və biləcək.

Hüquq məsləhətçiləri (aşağı səviyyəli)

Bəzi hüquqi məsələlər – cərimələr, müqavilə nümunələri, vəsiyyətnamələr və digər standart sənədlər – artıq online platformalarda təqdim edilir. Süni intellekt hüquqi sənəd hazırlama və ilkin məsləhət sahəsində ciddi irəliləyişə nail olacaq. Lazımlı sənədlərin sümunəsi, siyahısı, hətta hazırlanması… Sİ inkişaf etdikcə hüquqi məsləhət alanların sayı azalacaq.

Mühasiblər

Avtomatlaşdırılmış vergi hesablaması, xərclərin izlənməsi və hesabat hazırlama sistemləri artıq bir çox şirkətdə istifadə olunur. Gələcəkdə Sİ sistemləri bu prosesi tam idarə edəcək. Ancaq kompleks audit və strategiya üçün hələ də insan bilik və təcrübəsi vacibdir.

Telefon satışçıları və reklam zəngləri edənlər

Süni intellektlə işləyən səs generatorları artıq insan səsinə bənzəyən zənglər həyata keçirir. Avtomatik satış sistemləri, reklam zəngləri və sorğu aparılması kimi sahələrdə yaxın 5 ildə insanlara ehtiyac minimuma enəcək.

Sadə proqramlaşdırma işləri

Kod yazmaq sahəsində süni intellektin istifadə dairəsi genişlənməkdədir. Sadə vebsaytların və tətbiqlərin hazırlanmasında ChatGPT, Copilot və digər alətlər artıq proqramçılara yardım edir. Yaxın dövrdə "junior" səviyyəli proqramlaşdırma işləri Sİ tərəfindən icra oluna bilər, hətta artıq olunur. 30 günə hazırlanan vebsaytı artıq Sİ köməkliyi ilə 10 günə hazırlamaq mümkündür. Birdən çox dildə fəaliyyət göstərən saytın tərcüməsi, xətalarının düzəldilməsində Sİ əvəzsiz rol oynayır. “Görəsən harada xəta etmişəm” deyərək axtarılan xətaya sərf edilən vaxta bir çay için, kodu göndərin Sİ-ə, sizin əvəzinizə işləsin.

Hansı nəticəyə gəldik? Süni intellektin inkişafı insanları işsiz qoyacaqmı? Bu sual çoxlarını narahat edir. Əslində Sİ bəzi peşələri tamamilə yox etsə də, bəzilərini etməyəcək, sadəcə dəyişdirəcək. İnsanlar daha yaradıcı, strateji və emosional zəkaya əsaslanan işlərə yönəlməli olacaqlar. Sİ yeni iş yerlərinin də yaranmasına səbəb olacaq. Məsələn, süni intellekti də öyrənmək lazımdır. Bu sahə üzrə kurslar, dərslər, müəllimlər yetişəcək. Onlar da bu sahədən pul qazanacaq.
Ən təhlükəsiz peşələr isə emosional intellekt, insani təmas və qeyri-standart qərarlar tələb edən sahələrdə qalacaq – məsələn, psixoloqlar, müəllimlər, sosial işçilər və incəsənət sahəsinin nümayəndələri.

Davamlı dəyişən bu dünyada əsas bacarıq – adaptasiya və öyrənməkdir. Çap mediadan onlayn mediaya keçid, nağd ödənişdən onlayn ödənişə keçid kimi bu sahədə də keçid dövrü var. Uyum sağlayan, inkar etmək əvəzinə öyrənmək, adaptasiya olmaq lazımdır. Uyğunlaşan inkişaf edəcək, uyğunlaşmayan geridə qalacaq və məğlub olacaq.


SON XƏBƏRLƏR

06 May 2025