• Bakı 16° C

    3.28 m/s

  • USD - 1.7

    EUR - 1.9252

    RUB - 2.1118

Neft silahı: ABŞ-nin Rusiya planı və gözlənilməz nəticələr

SİYASƏT

06 May 2025 | 16:03

Neft silahı: ABŞ-nin Rusiya planı və gözlənilməz nəticələr

Enerji siyasəti bu gün beynəlxalq münasibətlərin əsas təzyiq vasitələrindən birinə çevrilib.

Xüsusilə də neftin qiymətindəki dəyişikliklər təkcə iqtisadi deyil, siyasi nəticələr də doğurur. Donald Tramp administrasiyası bu vasitədən strateji şəkildə istifadə edərək, enerji qiymətlərini geosiyasi təzyiq alətinə çevirib. Tramp hesab edir ki, dünya bazarında neftin ucuzlaşdırılması Rusiyanın maliyyə imkanlarını zəiflədəcək və bu, Kremli Ukraynada sülhə məcbur edəcək. Lakin hadisələrin gedişi bu yanaşmanın gözlənildiyi qədər effektiv olmadığını göstərir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsi ilə Qərb-Rusiya münasibətləri kəskin şəkildə gərginləşdi. Ardınca Qərbin sanksiyaları və ABŞ-nin OPEC üzərindən etdiyi təzyiqlər nəticəsində neftin qiyməti sürətlə aşağı düşdü. Bu, yalnız bazar reaksiyası deyildi – bu, ABŞ-ın enerji vasitəsilə tətbiq etdiyi geosiyasi təzyiq idi. Məqsəd Rusiyanın enerji ixracından asılı olan iqtisadiyyatını zəiflətmək və onu siyasi güzəştlərə məcbur etmək idi:

"Ancaq Rusiya bu təzyiqlərə tab gətirdi. Moskva Krımı sadəcə siyasi yox, həm də mədəni və iqtisadi baxımdan özününküləşdirməyə başladı. Regionda sənədli filmlər çəkildi, turizmə ciddi investisiyalar yatırıldı və legitimlik imici gücləndirildi. Rusiya bu prosesə təkcə müdafiə xarakterli deyil, eyni zamanda strateji bir yanaşma ilə cavab verdi. Neft qiymətlərindəki eniş təkcə Rusiya üçün deyil, digər enerji ixracatçıları üçün də ağır nəticələr doğurdu. Azərbaycan da bu prosesdən ciddi şəkildə təsirləndi. 2015 və 2016-cı illərdə baş verən iki böyük devalvasiya ölkə iqtisadiyyatına sarsıdıcı təsir göstərdi. Lakin maraqlıdır ki, Rusiya bu dalğaya qarşı daha çevik və dayanıqlı oldu. Rubl ciddi şəkildə dəyər itirmədi, tələbatların əksəriyyəti yerli istehsal və alternativ ticarət tərəfdaşları – xüsusən Çin və Hindistan vasitəsilə ödənildi".

İlyas Hüseynov: Rusiya təzyiqlərə tab gətirə bildi

Həmsöhbətimiz qeyd edib ki, Qərbin tətbiq etdiyi enerji təzyiqi nəticə vermədi. Əksinə, Rusiya alternativ bazarlara yönəldi, iqtisadi dayanıqlığını artırdı və daxili bazarın qorunması istiqamətində ciddi addımlar atdı. Bu isə göstərir ki, enerji siyasəti ilə geosiyasi nəticələr arasında birbaşa əlaqə olsa da, hər dövlətin bu təzyiqlərə verdiyi reaksiya fərqli ola bilər.

Politoloq vurğulayıb ki, neftin qiymətindən geosiyasi təzyiq vasitəsi kimi istifadə etmək ideyası qlobal siyasətdə yeni deyil:

"Donald Trampın prezidentliyi dövründə bu strategiya bir daha ön plana çıxarıldı və Rusiya kimi enerji ixracatçısı olan ölkələrə qarşı tətbiq edildi. Lakin prosesin nəticələri göstərdi ki, bu yanaşma gözlənilən təsiri vermədi. Rusiya iqtisadi və siyasi təzyiqlərə qarşı öz daxili resurslarına, alternativ tərəfdaşlara və strateji möhkəmliyə əsaslanaraq cavab verdi. Krım məsələsində güzəştə getmədiyi kimi, enerji sahəsində də müqavimət göstərdi".

Əli Hüseynov


SON XƏBƏRLƏR