Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı böhranı həll etmək üçün Tehranla danışıqları bərpa etmək istəyi qeyri-səmimi və absurd görünür.
Bakıvaxtı.az-ın məlumatına görə, bu açıqlama ilə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi çıxış edib.
O, açıqlamasında "Diplomatik danışıqların ortasında bir ölkəni bombalayıb sülh təklif edə bilməzsiniz" fikrini söyləyib.
Bu açıqlama onu demək əsas verirmi ki, İran-ABŞ gərginliyi hələ bir müddət davam edəcək? İranın nüvə proqramı ilə bağlı böhranı nə vaxt həll oluna bilər?
Politoloq Kamran Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bu sualları cavablandırıb.
Onun sözlərinə görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayinin açıqlaması əslində Tehranla Vaşinqton arasındakı münasibətlərin strateji etimadsızlıq üzərində qurulduğunu bir daha göstərir:
"ABŞ tərəfi nüvə danışıqlarını bərpa etmək istədiyini bəyan etsə də, eyni zamanda regionda hərbi təzyiqləri və sanksiyaları davam etdirir. Bu isə onu göstərir ki, Tehran-Vaşinqton gərginliyinin qısa müddətdə aradan qalxması real görünmür. Hər iki tərəfin daxili və regional maraqları, xüsusilə ABŞ-nin İsraillə təhlükəsizlik əməkdaşlığı və İsrailin bölgədə törətdiyi soyqırım və hücumları böhranın davamlı xarakter daşımasına səbəb olur. Yəni, proses yalnız nüvə proqramı ilə bağlı deyil, həm də geosiyasi qarşıdurmanın bir parçasıdır".
Kamran Məmmədli: İndiki mərhələdə tərəflərin bu istiqamətdə ciddi addım atmaq niyyəti yoxdur
Müsahibimiz hesab edir ki, nüvə böhranının həlli yalnız danışıqlar masasında texniki güzəştlərlə mümkün deyil. Burada siyasi iradə, qarşılıqlı etimadın bərpası və regiondakı geniş təhlükəsizlik mühitində balanslı yanaşma əsas şərtdir.
"İndiki mərhələdə tərəflərin bu istiqamətdə ciddi addım atmaq niyyəti yoxdur. Ən yaxşı halda böhran dondurulmuş şəkildə davam edə bilər, lakin tam həll perspektivi yaxın illər üçün real görünmür", - deyə Kamran Məmmdəli qeyd edib.
Gülşən Şərif