Son günlər ölkədə əhali arasında oxşar simptomlarla müşahidə olunan xəstəlik halları artıb. Bəzi hallarda bu vəziyyət adi mövsümi infeksiya kimi qəbul edilsə də, yoluxanların sayının artması məsələyə daha ciddi yanaşmağı zəruri edir.
Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən terapevt Həbib Sahratov bildirib ki, sentyabrın son günlərində havaların kəskin dəyişməsi, soyuqların bir qədər tez gəlməsi kəskin respirator xəstəliklərin də daha erkən yayılmasına səbəb olub və son günlər bunun şahidi oluruq.
H.Sahratovun sözlərinə görə, əvvəlki illərlə müqayisədə hazırda respirator virus infeksiyalarında kəskin mədə-bağırsaq pozğunluqları daha intensiv müşahidə olunur və adətən ailə üzvlərinin hamısına bir-bir yoluxur:
“Bir nəfərdə bu virusa yoluxma varsa, qısa zamanda ailənin digər fərdlərində də eyni simptomlar görünür”.
Həbib Sahratov: Bir nəfərdə bu virusa yoluxma varsa, qısa zamanda ailənin digər fərdlərində də eyni simptomlar görünür
Terapevt qeyd edib ki, əsas simptomlar halsızlıq, oynaq ağrıları, iştahasızlıq, bəzən də yüksək qızdırma ilə müşayiət olunur:
“İntensiv qızdırma müşahidə olunursa, mütləq həkim müayinəsinə müraciət etmək məsləhətdir. Çünki ağırlaşmalar, xüsusən də ağciyərlərlə bağlı fəsadlar yarana bilər”.
Müsahibimiz əlavə edib ki, əgər xəstə dərman qəbulundan sonra özünü yaxşı hiss edir, temperatur düşür və sağalma əlamətləri görünürsə, əlavə müdaxiləyə ehtiyac olmur:
“Amma temperatur düşməsinə baxmayaraq yenidən yüksəlirsə, qan analizləri də daxil olmaqla əlavə müayinələr aparılması məqsədəuyğundur. Çünki son zamanlar bu xəstəliklərin ağırlaşmış formalarına da rast gəlinir”.
Mina Mikayılova