• Bakı 16° C

    3.28 m/s

  • USD - 1.7

    EUR - 1.9252

    RUB - 2.1118

Necə edək ki, sosial şəbəkədən məhsul alarkən aldanmayaq?

CƏMİYYƏT

06 May 2025 | 15:35

Necə edək ki, sosial şəbəkədən məhsul alarkən aldanmayaq?

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə satılan qaymaqla bağlı AQTA-ya daxil olan şikayət əsasında Masazırda yoxlama aparılıb.

Məlum olub ki, tərkibində süd əvəzedicisi olan məhsullar etiketlənmədən, "təbii süd məhsulu" adı ilə TikTok və İnstagram üzərindən satışa çıxarılıb. Məhsulların soyuducu olmadan minik avtomobili ilə çatdırıldığı da aşkarlanıb. Qanunsuz fəaliyyət dayandırılıb, tədbir görülüb.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən qida eksperti Seymur Qafarov bildirib ki, son dövrlərdə riskli qida hesab edilən süd məhsullarının sosial şəbəkələrdə fəaliyyət göstərən kanallar vasitəsilə satışı artmaqdadır:

"Sözsüz ki, ölkəmizdə fəaliyyət göstərən bütün qida subyektləri, o cümlədən qida təminatı və qida zəncirinin bütün mərhələlərində iştirak edən müəssisələr Azərbaycan Respublikasının “Qida təhlükəsizliyi haqqında” qanunvericiliyinə əsasən qeydiyyatdan keçməlidirlər".

Onun sözlərinə görə, qeydiyyatdan keçdikdən sonra müəssisələrə fəaliyyət istiqamətinə uyğun çıxarış verilir və yalnız həmin çıxarış əsasında fəaliyyətlərini qanuni şəkildə həyata keçirə bilərlər.

Ekspertl vurğulayır ki, sosial şəbəkələr üzərindən satılan bu məhsulların çoxu ev şəraitində hazırlanır:

“Ev şəraitində hazırlanan məhsullar üzərində heç bir rəsmi nəzarət mexanizmi həyata keçirilmir. Bu məhsullar laboratoriya analizindən keçmir, onların tərkibi ilə bağlı heç bir sertifikat və ya təsdiqləyici sənəd təqdim olunmur. Bu isə onların qida təhlükəsizliyi standartlarına cavab vermədiyini göstərir. Belə məhsullarda mikrobioloji çirklənmə, patogen bakteriyalar, eləcə də insan sağlamlığı üçün təhlükəli kimyəvi maddələr ola bilər”.

Seymur Qafarov, qida eksperti

Ekspertin dediyinə görə, unutmaq olmaz ki, qida məhsullarının təhlükəsizliyi yalnız dad və keyfiyyət məsələsi deyil, həm də insan sağlamlığının birbaşa qorunmasıdır. Qanunvericiliyə görə, bazara çıxarılan hər bir qida məhsulu tərkibi, istehsal prosesi, saxlanma şəraiti və daşınması baxımından ciddi nəzarətdən keçməlidir.

“Qida təhlükəsizliyi ilə bağlı tələblərə əməl olunmaması həmin məhsulların qanunsuz hesab edilməsinə səbəb olur və məsuliyyət yaradır”, - deyə Seymur Qafarov əlavə edib.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR