Son günlər ölkə ərazidində qeyri-sabit hava şəraiti müşahidə olunur.
Bakıvaxtı.az xəbər verir ki, bəzi bölgələrdə yağış, dağlıq rayonlarda isə qar yağıb.
Yayqabağı ölkədə payız fəslinə xas havanın müşahidə olunması nəylə bağlıdır?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib ki, son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti ölkəmizə şimal-qərb ərazilərindən siklonun daxil olması nəticəsində baş verib.
Onun sözlərinə gprə, soyuq atmosfer cəbhəsinin təsiri ilə respublikamızın şimal və qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib.
"Müşahidə olunan qeyri-sabit hava şəraitinin iyunun 7-si axşamadək davam edəcəyi gözlənilir", - deyə Gülnarə Abbasova vurğulayıb.
Qeyd edək ki, bayram günlərində də ölkə ərasizndə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Belə ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-21, gündüz 25-28 dərəcə isti olacaq.
İyunun 7-də bəzi yerlərdə fasilələrlə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-20, gündüz 25-28 dərəcə isti olacaq.
İyunun 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 7-dən 8-nə keçən gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 19-21, gündüz 25-30 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, gecə və səhər zəif duman olacağı ehtimal olunur. 7-si axşam yağıntılar tədricən kəsiləcək, 8-i gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 16-20, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacaq.
Mina Mikayılova