İnterpol uşaqların cinsi istismarını ehtiva edən materialların istehsalı və yayılması ilə mübarizəyə yönəlmiş genişmiqyaslı beynəlxalq əməliyyat çərçivəsində 20 nəfərin həbs edildiyini açıqlayıb.
Bakıvaxtı.az “Euronews”a istinadən xəbər verir ki, saxlanılanlar arasında Avropa, ABŞ və Latın Amerikasından olan bir tibb işçisi və iki müəllim var.
12 ölkəni əhatə edən əməliyyat mart-may ayları ərzində İspaniya Milli Polisinin rəhbərliyi altında İnterpol və Avropol ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Belə əməliyyatın keçirilməsi təşəbbüsü İspaniya tərəfindən 2024-cü ilin sonlarında - ixtisaslaşmış polis əməkdaşlarının onlayn-patrullar zamanı messencerlərdə uşaqların cinsi istismarı şəkillərinin yayılmasına həsr olunmuş qrupları müəyyən etməsindən sonra irəli sürülüb.
İnterpol və Avropol vasitəsilə İspaniya polisi cinayəti törədənlərin yaşadığı ölkələrin səlahiyyətlilərini xəbərdar edib. İspaniyada 7 şübhəli, o cümlədən tibb işçisi və müəllim həbs edilib. Tibb işçisi Şərqi Avropada yetkinlik yaşına çatmayanlara açıq-saçıq şəkillərə görə pul ödəyib, müəllim isə müxtəlif onlayn platformalar vasitəsilə uşaqlara qarşı cinsi zorakılığa dair materialları saxlamaqda və yaymaqda ittiham olunur.
Qalan həbslər ABŞ və Avropanın digər yerlərində, o cümlədən Bolqarıstan, İtaliya və Portuqaliyada həyata keçirilib.
Hazırda dünya üzrə aparılan istintaq zamanı daha 68 şübhəli müəyyən edilib. Əməliyyat zamanı toplanan məlumatlar Amerika, Avropa, Asiya və Okeaniyanın 28 ölkəsinin hüquq-mühafizə orqanları ilə paylaşılıb.