• Bakı 25° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Bahar Muradova TDT-nin Baş katibi ilə görüşdü
CƏMİYYƏT
13 Iyun 2025 | 15:21

Bahar Muradova TDT-nin Baş katibi ilə görüşdü

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, ikitərəfli görüş zamanı TDT çərçivəsində üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi, xüsusilə ailə, qadın və uşaq məsələləri, sosial siyasət və dayanıqlı inkişaf sahələrində birgə layihələrin icrası məsələləri müzakirə olunub.

Bahar Muradova Təşkilatla qurulan səmərəli əməkdaşlıq çərçivəsində bir sıra mühüm istiqamətlər üzrə fəaliyyətlərin həyata keçirildiyini vurğulayıb. O, iclasın yekununda qəbul olunmuş birgə Kommunike sənədində əks olunan çoxsaylı vacib istiqamətləri qeyd edərək, bu fəaliyyətlərin daha genişmiqyaslı tədbirlərə zəmin yaratdığını və tərəfdaş ölkələrin dəstəyi ilə əməkdaşlığın yüksək səviyyədə qurulmasının əhəmiyyətini qeyd edib.

Bahar Muradova, əldə olunan nəticələrin təşkilatın fəaliyyəti və üzv ölkələrin iradəsi ilə mümkün olduğunu bildirib, əməkdaşlığa verilən töhfəyə görə təşəkkür edib.

Sonda o, Türk dünyasının birliyinin qorunmasının, yalnız siyasi və iqtisadi deyil, həm də ictimai və beynəlxalq aspektdən əhəmiyyətini qeyd edərək, bu yolun gələcəyə aparan ciddi bir yol olduğunu bildirib. B. Muradova əlavə edib ki, bu, həm də öz dəyərlərimizə sahib çıxmaq və ortaq kimliyimizi yaşatmaq istəyinin ifadəsidir.

Azərbaycanın ev sahibliyi etdiyi iki günlük iclasın yüksək səviyyədə təşkil olunduğunu qeyd edən Ömüralıyev vurğulayıb ki, Azərbaycan ailə məsələləri və sosial siyasət sahəsində mühüm nailiyyətlər əldə edəcək və bu sahədə təşəbbüsləri ilə digər ölkələrə də nümunə olacaq.

O qeyd edib ki, Kommunike sənədi müəyyən edilmiş istiqamətlər üzrə konkret layihələrin icrasına mühüm töhfə verəcək, ölkələr arasında əməkdaşlığın dərinləşməsinə xidmət edəcək.

K. Ömüralıyev təklif edib ki, növbəti görüşədək bu istiqamətlər üzrə müzakirələr aparılsın və qarşıya qoyulan hədəflərin yerinə yetirilməsi üçün mütəmadi qiymətləndirmə həyata keçirilsin.

O, həmçinin bildirib ki, Qazaxıstanda keçiriləcək növbəti görüş də bu çərçivədə əməkdaşlığın daha da genişləndirilməsində vacib rol oynayacaq.


SON XƏBƏRLƏR

13 Iyun 2025