"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 2-ci turunda "Sumqayıt"a 0:1 hesabı ilə məğlub olduqları oyunu şərh edib.
Bakıvaxtı.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- Rəqibi təbrik edirəm. İki oyuna altı xal toplayıblar, çox yaxşı başlanğıcdır. Özümüzə gəldikdə, çox da deyəcək söz yoxdur. Futbolçularımı anlayıram. Oyundan da hiss olunur ki, oynamayanlar oyuna çıxsa da, hələ yorğunçuluq var idi, motivasiya qaydasında deyildi. Amma başlanğıcdakı məğlubiyyətin bizə çox faydası olacaq. Qarşıda bizi bundan da çox sıx qrafik gözləyəcək. Bu məğlubiyyətin faydası olacaq. Futbolçular da bunu anlayacaqlar. Uğurlardan sonra belə oyunlar bizim faydamıza olur. Uğur əldə edəndə, istər-istəməz insanda, komandada bir az loru dildə desək, burun yuxarı qalxır. Oyundur. Bu gün üç xal rəqibin haqqı idi. Heç nədən qapımızda qol gördük. İmkanlarımız var idi. Top qapıdan keçməli idi, keçmədi. Həm bizim məşqçilər, həm də futbolçular, həm də klub üçün yaxşı başlanğıc oldu.
- Nərimanı risk etmədiniz?
- Bəli, zədəsi var idi. Hələ də ayağında gərginlik var idi. Geridə qalan 2-3 gündə müalicə olunub. Məşqdə də iştirak etməyib.
- Juninyonun icarəyə götürülməsi həqiqətdir?
- Xeyr. Elə məlumat yoxdur. Danışıq da olmayıb. Ola bilər ki, orada oynamır deyə, burada fikirlər yaranıb.
- Düşünmürsünüz ki, "Qarabağ" meydana ikinci heyətlə çıxdığı üçün uduzdu?
- Məğlub olduqsa, olduq. Dəfələrlə olub ki, meydana fərqli heyətlə çıxmışıq, uduzmuşuq. Bəlkə, əsas heyətlə meydana çıxsaydıq, uduzardıq. İki gün əvvəl oynamışıq. Yol yorğunçuluğu var idi.
- Hazırda heyətdə 15 legioner var. Növbəti legionerlər üçün 200 min manat lazım olacaq...Növbəti legionerlər olacaq?
- Çalışırıq ki, olsun. 200 min manata görə, nə edək? Başqa çıxış yolumuz yoxdur. Lazımdırsa, işimizi keyfiyyətli etmək istəyiriksə, bu addımlara gedəcəyik.
- "Qarabağ"ın qol buraxdığı epizodda Şahruddinin səhvi var idi. Abbas da ona etiraz etdi...
- Bir az kuryoz qol alındı. Tam görmədim. Abbas öz işi ilə məşğul olsa, yaxşıdır. Başı ilə çıxarası deyil ki. Hərə öz işi ilə məşğul olsa, işi düzgün yetirmək hamının borcudur.
- Son 3 mövsümün ilk turunda 0:1 uduzursunuz. Təsadüfdür, yoxsa köklənməmisiniz Premyer Liqaya?
- Yadıma düşdü. Amma bu, ikinci tur idi(gülür). Avropadan gəlirik deyə, motivasiyamız aşağı idi. Ən vacibi yorğunçuluq idi. Bu gün yox, sabah da oynaya bilərdik. Oynamayan futbolçular öz idman formalarını itirirlər. Heç fikirləşməmişdim ki, 3 ildir belə hesabla uduzuruq. Əsas odur, sonu yaxşı olsun.
- "Ferensvaroş"la oyununuz var. Onların futbolçularının və məşqçilərinin qıcıqlandırıcı açıqlamaları var. Bu da əlavə motivasiya ola bilər sizə?
- Onların fikri normaldır. Məğlub olduqdan sonra qarşıdakı oyuna motivasiya etmək üçün taktiki gedişdir. Amma biz onları düşünərək, oyuna hazırlaşası olsaq, öz oyunumuzu itirərik. Biz bütün oyunlara ciddi və səbirlə, təmkinlə hazırlaşmalıyıq. Futbolda olmayan nəticə yoxdur. Bütün turnirlərdə belə nəticə var. Kənar fikirlərə görə oyunlara hazırlaşsaq, çox gedə bilmərik, yarı yolda qalarıq. Bunu normal qəbul edirəm. Məşqçidir, futbolçuları oyuna hazırlaşdırmalıyıq. Bu işin içində olduğumuz üçün bunu normal qəbul edib, hazırlaşacağıq.
- "Ferensvaroş"u keçsəz, ÇL-ə düşsəniz, hansı stadionda oynayacaqsınız?
- Bu oyun haqda düşünək. Vacib oyundur. Məndən başqa hamı sanki bu mərhələni keçmiş kimi görünür. Bir tərəfdən sevindirici haldır. Həm inamdan, həm də güvəndən irəli gəlir. Həm də bizə mane olan fikirlərdir. Biz də ona qoşulsaq, o fikirlərdə olsaq....Qarşımızdakı rəqib "Ferensvaroş"dur. Heç nədən qol vurmağı bacaran kollektiv var. Futbol elədir ki, 1-2 qol ciddi göstərici deyil. Çalışacağıq ki, səhvsiz oynayaq. (sportal.az)