Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətinə əsasən Prezident İlham Əliyevin bu gün Türkiyəyə səfər edəcəyi gözlənilir.
Bakıvaxtı.az-ın məlumatına görə, görüş zamanı Türkiyə ilə Azərbaycan arasında münasibətlərin mövcud vəziyyəti və aktual regional inkişaflarla bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
İyunun 20-də isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ermənistanın Baş naziri Nikol Paşinyan İstanbula işgüzar səfərə gedəcək.
Azərbaycan və Ermənistan tərəflərinin eyni zaman kəsiyində Türkiyəyə dəvət olunmasının səbəbi nədir?
Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Türkiyə Cənubi Qafqazda, Azərbaycan-Ermənistan münasibətlərinə nəzarət etməklə, məsələlərdən tam xəbərdar olmaq istəyir. Ona görə də hər iki ölkə ilə görüşmək qərarına gəlib:
"Görüşün ikitərəfli və ya üçtərəfli olacağı sual altındadır. Görüşdə gələcək sülh müqaviləsinə hazırlıq məsələsi də müzakirə oluna bilər. Çünki Türkiyə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Bu maraq Amerika və Qərb üçün də keçərlidir”.
Müsahibimiz qeyd edib ki, Rusiya-Ukrayna və İran-İsrail qarşıdurmasından sonra maraqlı gedişatların baş verəcəyi gözlənilir. Ona görə ki, münaqişələr region üçün yeni şəraitlər yaradır. İran təhdid altındadır, həmçinin Zəngəzur dəhlizi məsələsinin aqibəti hələlik naməlumdur. Bu problemlərin həlli Türkiyə üçün vacibdir.
Məmmədli hesab edir ki, Ərdoğanın sözügedən dəvətləri vacib nüanslardan xəbər verir. Türkiyənin mövqeyi Azərbaycan üçün də vacib olmalıdır.
"Ölkəmiz Zəngəzur dəhlizi məsələsində geri çəkilməməlidir. Dünyada gərginliklərin artdığı bir vaxtda Azərbaycan öz maraqlarının ardınca getməlidir. Əvvəllər böyük dövlətlərin proksi gücləri vasitəsilə kiçik dövlətlər arasında qarşıdurmalar baş verirdi. Artıq iri dövlətlər bir-biriylə müharibə edir və heç biri öz maraqlarından imtina etmək istəmir. Bu kontekstdə Azərbaycan da öz maraqlarından geri çəkilməməlidir”.
“Ümid edirəm ki, hazırkı görüş Ermənistanın geri çəkilməsinə və öz öhdəliklərini yerinə yetirməsi istiqamətində addımlar atmasına səbəb olacaq", - deyə Əhəd Məmmədli vurğulayıb.
Gülşən Şərif