“Ermənistanda hakimiyyət uğrunda mübarizə həddindən artıq ciddiləşir və son fazaya qədəm qoyur”.
Bunu politoloq Turab Rzayev Ermənistanda Paşinyan hökumətinə qarşı revanşistlərin və Rusiyaya bağlı müxalifətin ciddi fəallığını Bakıvaxtı.az-a şərh edərkən deyib.
Ekspert vurğulayıb ki, Paşinyan və ona müxalif olanlar əllərindəki bütün vasitələrdən istifadə etməyə çalışırlar:
"Nikol Paşinyan artıq Rusiyanın Ermənistandakı "sonuncu qalası" sayılan, Rusiya ilə yanaşı, Fransanın da dəstəklədiyi Erməni Kilsəsinə qarşı müharibə elan edib. Təsadüfi deyil ki, Kilsənin üç rəhbər şəxsinə qarşı birbaşa ittihamlar irəli sürür, hətta onlardan ikisinin istefasını tələb edir. Baş nazir II Qareginin kilsə qaydalarını pozduğunu deyir. Açıq təhqirlərdən belə çəkinmir. Bildirir ki, bu şəxslərin Eçmiədzində olması Kilsəni murdarlayır. Onların müqəddəslərə əl vurmamasını tələb edir. Yəni bu qədər dərinə gedir”.
Turab Rzayev: Müxalifət Paşinyanı bütün tərəflərdən "divara dirəməyə" çalışır
Müsahibimizə görə, digər tərəfdən Rusiya da Paşinyana qarşı bütün mümkün vasitələrdən, rıçaqlarından istifadə edir. Onun sözlərinə görə, bir yandan da yeni erməni biznes layihəsi yetişdirir:
“Ruben Vardanyan layihəsi baş tutmadığı üçün əvəzinə başqa proyekt hazırlayır. Həmçinin, Köçəryan-Sarkisyan qalıqlarını ayağa qaldırmağa çalışır".
Politoloq əlavə edib ki, bununla yanaşı, parlamentdə Paşinyana qarşı impiçment proseduru başlayıb:
"Ermənistanda hakimiyyət uğrunda mübarizə ölüm-dirim həddinə keçir. Əlbəttə, indiki şəraitdə 28 deputatın Paşinyanı devirməsi mümkün deyil, amma ən azından baş nazirə qarşı təzyiq proseduru başladır, meydanı genişləndirirlər. Bir növ Paşinyanı bütün tərəflərdən "divara dirəməyə" çalışırlar”.
T.Rzayev qeyd edib ki, Rusiya İranın başının qarışıq olduğunu bildiyi üçün Ermənistanı yenidən ələ keçirməyə cəhd edir:
“Yəni öz əvvəlki mövqeyini gücləndirməyə səy göstərir. Moskva erməniləri Paşinyan əleyhinə küçələrə tökərək meydan hərəkatı başlatmağa da çalışa bilər".
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyada ölkəyə qarşı hibrid fəaliyyətlərin arxasında duran müəyyən dairələrin olduğunu istisna etmir. Onun sözlərinə görə, ölkənin hakim elitasının bəzi nümayəndələri saxlanılan iş adamı Samvel Karapetyanın verdiyi bəyanatını Rusiyanın Ermənistan hökumətinə qarşı destabilləşdirici fəaliyyəti kimi qiymətləndirirlər.
N.Paşinyan qeyd edib ki, onun Rusiya prezidenti və hökumət başçısı ilə qarşılıqlı etimada əsaslanan çox sıx işgüzar münasibətləri var:
"Mən inanmıram ki, Ermənistana qarşı belə bir aksiya Kreml və ya Rusiya hökuməti tərəfindən həyata keçirilsin, lakin Rusiyada bu hibrid fəaliyyətlərin arxasında duran müəyyən dairələrin olduğunu istisna etmirəm. Həm də belə dairələr təkcə Rusiyada deyil. Əminəm ki, digər ölkələrdə də dairələr var".
Aydın Baxış