• Bakı 17° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Ermənilər Brüssel barışına hazırmı?.. - Əkbər Qoşalı yazır
YAZARLAR
07 Aprel 2022 | 11:15

Ermənilər Brüssel barışına hazırmı?.. - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

Gündəlikdə Brüssel, Brüsseldə Sülh gündəliyi...

“Elə indicə biz Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla gözəl və çox səmərəli görüş keçirdik. Güney Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa Birliyi üçün olduqca önəmlidir. Ona görə də biz bütün müsbət səyləri, etimadyaratma tədbirlərini dəstəkləməklə məşğuluq və bu gecə BÖYÜK BİR İRƏLİLƏYİŞƏ NAİL OLDUQ. Bu isə o deməkdir ki, biz hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik”. Bu sözlər Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelə aiddir.

Bəli, aprelin 6-da Brüsseldə Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında görüş oldu. Görüşdən 1 gün öncə İrəvanda Paşinyan əleyhinə, başqa sözlə, Brüssel görüşünə təzyiq yaratmağa xidmət edən mitinq baş tutmuşdu. Həmin “müxalifət mitinqi”nin Brüssel danışıqları öncəsi Paşinyan hakimiyyəti tərəfindən qurğulanmış tamaşa olması şübhə doğurmur. Belə tamaşa ənənəsi Paşinyandan öncədən formalaşıb və necə deyərlər, “erməni dövlətçilik təcrübəsi”ndən irəli gəlir.

Məsələ ondadır ki, əgər dövlət uğursuz dövlətsə, başqa dövlətin forpostusa onun təcrübəsi nəyə yarar? Yenə xatırlayaq: Petrosyan ovaxtkı Azərbaycan rəhbərliyi ilə danışıq apararkən Qarabağda işğal tam sürətlə davam edir, Petrosyan da bunu “Dağlıq Qarabağdakılar”ın üzərinə atır, onu dinləmədiklərini söyləyirdi; Köçəryan danışıqlarda dalana dirənəndə, bağışlayın məni, qarnı ağrıyırdı, ardınca da guya yaxın qohumunun vəfatı xəbəri yayılırdı və o, danışıqları yarımçıq qoyub, İrəvana dönürdü. “Yaxın qohum”da kimmiş, əfəndim? – təqribən belə bir cavab: atasının bibisinin baldızı oğlunun kirvəsinin nəyisə...

Bu, qədər qeyri-ciddi yəni. Sarqisyan Serjik Azatoviçdənsə heç danışmağa dəyməz – erməni cəmiyyəti Sarqisyan kimi (habelə Köçəryan kimi) bir rəhbəri olduğu üçün özü özünə qiymət versə yaxşı olardı. Beləliklə, Ermənistanda bütün rəhbərliklər dövründə danışıqlar sürəcini durdurmaq və zaman qazanmaq üçün əndərəbadi gedişlərdən istifadə olunub. Amma çifayda! Ermənistan hərbi-siyasi başbilənləri kainatın ruhunu, dünya nizamını, Azərbaycanın mədəni, tarixi, hərbi irsini, İlham Əliyevin qətiyyətini idrak etməmişdir. İrəvanda bundan sonrakı hər hansı qondarma mitinqlə-filanla da beynəlxalq ictimai rəyi çaşdıra bilməyəcəklərini anlamalıdır. Guya “Müxalifətin mitinqi”nə əsaslanaraq danışıqlar zamanı özünü çəkingən aparmaq hüququ əldə edəcəyini düşünən Paşinyan, siyasi rəqibləri Köçəryan və Sarqisyan yolundan, daha doğrusu yolsuzluğundan bilmərrə əl çəkməlidir. Uzun sürən ağır işğal illərində ədalətsiz sülhə, güzəştə razı olmayan Azərbaycan rəhbərliyini indi güzəştə vadar etmək mümkünmü? Əsla! Bu sadə həqiqətə kor olmaq rəsmi İrəvanın nəyinə lazımdır? Paşinyan da, onun Qərbdəki, Şərqdəki və daha haralardakı havadarları da qəbullanmalıydı ki, artıq geriyə yol yoxdur və əlavə şərtlər irəli sürmək cəhdlərinin səmərəsi bərabərdir “0” olacaq. Necə ki oldu! Uğursuz dövlətin Baş naziri Nikol Paşinyan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevlə bütün görüşlərdə olduğu kimi, ötən il dekabrın 14-dəki Brüssel görüşü zamanı da zərbə almışdı. Buna görə də Paşinyan ikinci Brüssel görüşünə “müxalifət mitinqi”-filan oyunları ilə deyil, rasionallıqla, hadisələrin gedişatını düzgün qiymətləndirərək getməliydi. Paşinyan heç bundan sonrakı görüşlər üçün də öz bekara maraqlarına xüsusi ümid bəsləməməli və bilməlidir ki, gərəksiz dirəniş cəhdləri növbəti yeni zərbə ilə sonuclanacaqdır. Azərbaycanın Dəmir Yumruğu da yerindədir, alternativləri də var, Sən isə... “Ermənistan, sən dalansan”...

Beləliklə, 6 aprel Brüssel görüşü üçtərəfli əsasda 4 saat yarımdan artıq davam etdi. Görüşün sonucu olaraq Şarl Mişel tərəfindən verilmiş Açıqlamada təsbit edildi ki, Ermənistanla Azərbaycan arasında Sülh Anlaşması üzrə danışıqlar başlayır. Hər iki ölkənin Xarici işlər nazirliklərinə bununla bağlı təlimat verilir.

Xatırladığımız kimi, bir qədər öncə Azərbaycan Ermənistan tərəfinə 5 maddədən ibarət təməl sülh təklifləri göndərmişdi. Brüsseldə əldə edilmiş razılıq Azərbaycanın irəli sürdüyü həmin maddələrdən ibarət təklifin qəbulu və danışıqların o maddələr əsasında aparılmasının ifadəsidir. Burada əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Brüssel Sülh Gündəliyinin müəllifləri Prezident İlham Əliyev və Şarl Mişeldir; Paşinyan isə hər nə qədər daxili və beynəlxalq ictimai fikirlə oynamaq istəsə də, gündəliyə qoşulmağa məcbur oldu. Necə deyərlər, “başqa yolu yox artıq”...

Beləliklə, 14 dekabrdan sonra Şarl Mişellə İlham Əliyev arasında intensiv təmaslar aparıldı, telefon danışıqları keçirildi və budur ilkin nəticə əldə olundu: Brüsseldə ikinci Üçtərəfli görüş, 4 saat yarımdan artıq müzakirə və razılaşmalar! AB Şurası Prezidentinin Açqılamasında duyurulduğu kimi, tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması və ilk növbədə sərhəd delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunur. Delimitasiyanın tərkibi və nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır. AB-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır.

Bu çox önəmli məqamdır. Bu, ilk növbədə, iki respublika arasında münasibətlərin normallaşdırılmasına xidmət edir. Bəs bu normallaşma alınacaqmı?

Öncə, onu vurğulayaq ki, hər iki tərəfin AB-yə, onun vasitəçiliyi ilə əldə olunmuş razılığa, mexanizmlərə güvəni var. Hər iki tərəf AB-ni bu mövzuda qərəzsiz tərəf olaraq qəbul edir. Burada özəlliklə Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları önəm ərz edir. Əgər Paşinyan öz sələfələrinin yolundan (daha doğrusu, yolsuzluğundan) birmənalı şəkildə imtina etməyi bacarsa, gələcək müzakirələrin yalnız iştirakçısı olmaz, gündəliyin müəyyənləşməsində də iştirak edər... Burada bir məqama diqqət çəkək: biz daha öncələr, işğalçı (Ermənistan) ilə işğala məruz qalan tərəfi (Azərbaycanı) bərabər tutan müxtəlif “vasitəçilər”i çox görmüşük. 44 günlük müharibədən sonra isə hər hansı dəstəkdən, diqqətdən söhbət düşərkən, bir çox halda, məğlub Ermənistanın diqqət mərkəzində olduğunu görürdük.

I Qarabağ müharibəsində itkin düşmüş, əsir və girov götürülmüş azərbaycanlıların taleyi, Azərbaycanın dağıdılan şəhərləri, bizim ərazilərimizə basdırılmış – Ermənistan silahlı qüvvələri mənsublarının sayından bir neçə dəfə çox minalar “unudulurdu”... İndi isə budur, AB-nin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərməsi təsdiq olunur. Öz təsdiqini tapan başqa önəmli məsələ nəqliyyat kommunikasiya xətləri ilə bağlıdır: dəmir yolunun, avtomobil yolunun çəkilməsi və iqtisadi məşvərət şurası mexanizminin yaradılması təsdiq olunur.

Bu yerdə xatırlatmaq yerinə düşər ki, Zəngəzur dəhlizinin çəkilməsi yubadılınca Azərbaycan Ermənistandankənar alternativ dəhlizlə bağlı müvafiq razılaşmaya nail oldu. Ermənistan Zəngəzur dəhlizi ilə bağlı bundan sonra da heç bir manipulyasiya edə bilməz: bizimçün əlahiddə önəmi yoxdur, necə deyərlər, açılır açılsın, açılmır açılmasın.

Açılacaqsa, oradakı stanadartlar, mexanizmlər Laçın dəhlizində də tətbiq olunacaq, açılmayacaqsa və Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəlik daşımırsa, biz Laçın dəhlizi ilə bağlı hər hansı öhdəlik daşımaq zorunda deyilik. Əlbəttə, Zəngəzur dəhlizi də, Laçın dəhlizi də bizim əzəli, əbədi torpaqlarımıza götürür, dəhlizlərdə giriş-çıxış, gömrük məsələlərində eyniyyət olsa da, biz bizə məxsus olanlarımızdan əl çəkəsi deyilik. Bizim Ermənistana ən böyük güzəştimiz odur ki, qalib ölkə olaraq, danışıqlardan imtina etmirik, bundan sonrakı məsələlərin məhz sülh yolu ilə həllinə tərəfdarıq. Ermənistan bu tərəfdarlığın, bu tutumun dəyərini bilməlidir. Nəhayət, sözügedən sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan “Minsk Qrupu həmsədrlik institutu”na istinad yoxdur. Azərbaycan Prezident hələ 2020-ci ildə gorbagor təyinini işlətmişdi zatən. Bir daha görürük ki, Prezidentin sözü imzası qədər keçərlidir.

Dövlətimiz zaval görməsin!


SON XƏBƏRLƏR

25 Aprel 2024