q
  • Bakı 18° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

Mirziyoyev: Urbanizasiya artıq qlobal sabitlik və təhlükəsizlik məsələsidir
WUF13
18 May 2026 | 14:54

Mirziyoyev: Urbanizasiya artıq qlobal sabitlik və təhlükəsizlik məsələsidir

Urbanizasiya XXI əsrdə qlobal təhlükəsizlik və sosial sabitliyə birbaşa təsir edən əsas amillərdən birinə çevrilib.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev WUF13 forumunda çıxışı zamanı səsləndirib.

Mirziyoyev əvvəlcə Azərbaycan Prezidentinə Bakı şəhərində forumun yüksək səviyyədə təşkilinə görə təşəkkür edib:

“Bugünkü konfransın Xəzərin incisi olan gözəl Bakı şəhərində nümunəvi şəkildə təşkilinə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm”.

Özbəkistan lideri Azərbaycanın xüsusilə Qarabağda həyata keçirdiyi yenidənqurma işlərini yüksək qiymətləndirib:

“Qısa müddətdə azad edilmiş ərazilərdə bütöv şəhərlər bərpa olunub, yeni yaşayış kompleksləri və müasir infrastruktur yaradılıb. Özbəkistan bu kimi nəcib təşəbbüslərə töhfə verməyə hazırdır”.

Mirziyoyev bildirib ki, “Hamı üçün yaşayış” mövzusu bu gün də qlobal aktuallığını qoruyur:

“Təhlillərə əsasən, XXI əsrin ortalarınadək dünya əhalisinin 70 faizi şəhərlərdə yaşayacaq. Eyni zamanda urbanizasiya sosial problemləri daha da dərinləşdirir”.

Prezident qeyd edib ki, hazırda dünyada təxminən 3 milyard insanın normal yaşayış şəraiti yoxdur:

“Onların 1 milyarddan çoxu qeyri-rəsmi yaşayış məntəqələrində və gecəqondularda yaşayır, 300 milyondan çox insan isə ümumiyyətlə sığınacaqsızdır”.

Çıxış zamanı iqlim dəyişikliyi, iqtisadi böhranlar və beynəlxalq gərginliyin yeni miqrasiya dalğaları yaratdığı vurğulanıb:

“Urbanizasiya artıq qlobal sabitlik və təhlükəsizliyə birbaşa təsir edən əsas faktora çevrilib. Bu isə bizdən təxirəsalınmaz addımlar tələb edir”.

Mirziyoyev Özbəkistanda urbanizasiya sahəsində həyata keçirilən layihələrdən də danışıb. Bildirib ki, son 10 ildə ölkədə tikilən mənzillərin sayı 10 dəfə artaraq 2025-ci ildə 238 minə çatıb.

Onun sözlərinə görə, 2030-cu ilədək bu göstəricinin daha 1,5 dəfə artırılması planlaşdırılır və hər il əlçatan mənzil proqramlarına təxminən 2 milyard dollar ayrılır.

Prezident həmçinin Daşkənddə 2 milyon nəfər üçün nəzərdə tutulan yeni meqalayihədən bəhs edib:

“Yeni Daşkənd layihəsi yaşıl, ağıllı, təhlükəsiz və 15 dəqiqəlik şəhər prinsiplərinə əsaslanır. Layihənin ilk mərhələsində 25 milyard dollardan çox investisiya cəlb olunub”.

Mirziyoyev bildirib ki, oxşar layihələr ölkənin bütün regionlarında həyata keçirilir və 2030-cu ilə qədər “Prezident rayonları”nın sayının 100-ə çatdırılması nəzərdə tutulur.

Sonda o, BMT-nin Məskunlaşma Proqramına, World Bank, Asian Development Bank və digər beynəlxalq maliyyə qurumlarına dəstəyə görə təşəkkür edib.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

17 May 2026