Ərazi müdafiəsi anlayışı təkmilləşdirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Müdafiə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, ərazi müdafiəsi dövlət sərhədinin, dəniz sahilinin, adaların, mühüm obyekt və kommunikasiyaların düşmən təcavüzündən qorunması və müdafiəsi, düşmən desantı və kəşfiyyat-təxribatçı qrupları ilə mübarizə və hərbi vəziyyət rejiminin təmin olunması məqsədi ilə təşkil olunur.
Ərazi müdafiəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən sərhəd qoşunları, daxili qoşunlar və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər qoşunlarla sıx əlaqədə həyata keçirilir.
Ərazi müdafiəsinin vəzifələri, təşkili, onun iştirakçılarının qarşılıqlı əlaqəsi qaydaları Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyənləşdirilir.
Təklif edilən dəyişikliyə əsasən, ərazi müdafiəsi ölkə ərazisinin, o cümlədən Azərbaycan Respublikası dövlət sərhədinin mühafizə və müdafiəsi üzrə tapşırıqların icrası üçün həyata keçirilən ümumdövlət hərbi və xüsusi tədbirlər kompleksi hesab ediləcək.
Ərazi müdafiəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən dövlət (qurumları), yerli orqanları özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçiriləcək.
Ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin olunması qaydaları Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə ilə müəyyən ediləcək.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Mina Mikayılova