• Bakı 22° C

    7.61 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Şeyxülislam Rusiya Müftilər Şurasının sədrinə təşəkkür edib
SİYASƏT
21 Sentyabr 2024 | 14:38

Şeyxülislam Rusiya Müftilər Şurasının sədrinə təşəkkür edib

"Cəmiyyətin mənəvi-əxlaqi sabitliyinin təmin edilməsində mühüm məqamlardan biri də dövlət-din münasibətlərinin məharətlə tənzimlənməsi, dövlətin diqqətli münasibəti və dindarların ehtiyaclarına qayğısıdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Moskvada keçirilən “Sülh yolu: dialoq harmonik birgəyaşayışın əsası kimi” XX Beynəlxalq Müsəlman Forumunda çıxışında deyib.

“Allaha şükürlər olsun ki, həm Rusiyada, həm də Azərbaycanda hamımız bu cür yanaşmanın şahidiyik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam ənənələrini dərin ehtiramla dəstəkləyir, multikulturalizm ideyalarını fəal şəkildə müdafiə edir, İslamofobiyanın təzahürlərinə qarşı çıxır”, - o bildirib.

Şeyxülislam MDB müsəlmanlarını tarixi qarşılıqlı hörmət ənənəsi, mehriban qonşuluq, müqəddəs dinimizə söykənən vahid mənəvi məkanın birləşdirdiyini vurğulayıb.

“Rusiya müsəlmanları ilə mənəvi əlaqələrimiz həmişə yüksək səviyyədədir, biz qardaş Tatarıstanın və Rusiyanın digər subyektlərinin dini liderləri ilə davamlı əlaqə saxlayırıq. Mərkəzi Asiyanın müsəlman dövlətləri ilə əlaqələrimiz buna nümunə ola bilər”, - A.Paşazadə qeyd edib.

Onun sözlərinə görə, QMİ Rus Pravoslav Kilsəsi ilə ənənəvi dostluq, qarşılıqlı hörmət və sıx əməkdaşlıq əlaqələri ilə bağlıdır. “Bunda, şübhəsiz ki, Moskva və Bütün Rusiyanın patriarxı Kirillin böyük əməyi var. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən və tam suverenliyini təmin etdikdən sonra genişmiqyaslı yenidənqurma və işğaldan azad edilmiş ərazilərin infrastrukturunun inkişafını həyata keçirir, ekosid, urbisid və vandalizmin nəticələrinə qarşı mübarizə apararaq torpaqlarını minalardan təmizləyir, şəhər və kəndlərini dirçəldir, işğal zamanı dağıdılmış bütün dinlərə aid məbədləri – həm məscidləri, həm də pravoslav kilsələri bərpa edir”, - deyə Şeyxülislam əlavə edib.

O, həmçinin COP29-a hazırlıq prosesindən danışıb.

A.Paşazadə Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri, Rusiya Müftilər Şurasının sədri Ravil Həzrət Qaynutdinə 65 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycan xalqının adından təbriklərini çatdırıb və ona 44 günlük Vətən Müharibəsində Azərbaycana göstərdiyi qardaş dəstəyinə görə təşəkkürünü bildirib.

Daha sonra QMİ rəhbəri müfti Ravil Qaynutdinə yubileyi münasibətilə qiymətli hədiyyə - Qarabağ xalçası təqdim edib.

Qeyd edək ki, “Sülh yolu: dialoq harmonik birgəyaşayışın əsası kimi” XX Beynəlxalq Müsəlman Forumu Moskva Cümə Məscidində keçirilir. Tədbirdə 40 ölkədən qonaqlar iştirak edir. Azərbaycanı Allahşükür Paşazadə ilə yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru Rəvan Həsənov təmsil edir.


SON XƏBƏRLƏR