• Bakı 18° C

    10.2 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

Sülhməramlılar gedir: Bakı-Moskva strateji əməkdaşlığının nəticəsi
SİYASƏT
18 Aprel 2024 | 13:50

Sülhməramlılar gedir: Bakı-Moskva strateji əməkdaşlığının nəticəsi

 “Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl Azərbaycanı tərk etməsi Bakı-Moskva arasında strateji əməkdaşlıq və işbirliyinin nəticəsidir”.

Bunu politoloq Fuad Abbasov Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsini tərk etməsini Bakıvaxtı.az-a şərh edərkən deyib.

Onun sözlərinə görə, bu qərarın həm də ABŞ və Avropanın Ermənistana verdiyi dəstəyə cavab olduğunu söyləmək mümkündür:

"Sözün açığı, indiki məqamda və bu tezliklə Rusiya sülhməramlılarının Azərbaycandan çıxmasını çoxları gözləmirdi. Hətta 2025-ci ildən, yəni sülhməramlı missiyanın 5 illik müddətinin bitməsindən sonrakı dövrlə bağlı belə tərəddüdlər, narahatlıq var idi. Ancaq bəllidir ki, Rusiya sülhməramlı kontingentinin Qarabağda qalmasına ehtiyac qalmamışdı. Belə məqamda rus hərbçilərinə Ukrayna savaşında daha çox ehtiyac duyulur. Hazırda Rusiya üçün hərbi texnika və canlı qüvvə, insan gücü çox vacib amildir. Görünür, bunları nəzərə alan, prezident Vladimir Putin Azərbaycan dövlət başçısı ilə məsələni müzakirə edərək rus hərbçilərini çıxarmaq qərarına gəlib”.

Fuad Abbasov: Rus hərbçilərinə Ukrayna savaşında daha çox ehtiyac duyulur

Müsahibimiz hesab edir ki, bu qərar mühüm olmaqla yanaşı, həm də Qərbdəki bəzi dairələrin Azərbaycanı Rusiya ilə əməkdaşlıqda ittiham etməsinin əsassız olduğunu göstərdi. F.Abbasov bildirib ki, həmçinin, Bakı-Moskva münasibətlərini pozmağa çalışanların niyyətlərini puç etdi:

“Qısacası, Rusiya sülhməramlıları üzərindən irəli sürülən gözləntilər, iddia və mülahizələr özünü doğrultmadı. İstərdik ki, Rusiya hərbçiləri sadəcə Azərbaycanı tərk etməklə qalmasın, eyni zamanda Zəngəzur dəhlizinə nəzarət funksiyasını da icra etməsinlər. Ümumiyyətlə, bütövlükdə bölgədən kənarda qalsınlar".

Qeyd edək ki, Rusiya sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsini tərk edir.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti 2020-ci il 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli Bəyanatdan sonra Qarabağda müvəqqəti yerləşdirilmişdi.

Ekspertlərin fikrincə, Rusiya sülhməramlılarının Qarabağı tərk etməsini Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi adlandırmaq olar. Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxması bir daha sübut etdi ki, rəsmi Bakı ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edir. Bu məsələdə mühüm əhəmiyyət kəsb edən amil isə Prezident İlham Əliyevin çevik diplomatik məharəti Azərbaycanın milli maraqlarını tam şəkildə qoruması ilə bağlıdır.

Aydın Baxış


SON XƏBƏRLƏR

30 Aprel 2024