“Kondisionerdən düzgün istifadə edildikdə uşaqlar üçün təhlükə yaratmır, lakin onun filtrləri mütəmadi təmizlənməli və uşaq birbaşa soyuq hava axınının altında saxlanılmamalıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun doktorantı, pediatr Regina Nemətova qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.
Pediatr bildirib ki, yay aylarında uşaqların olduğu otaqda temperaturun 22-24 dərəcədən yüksək olmamasına diqqət yetirmək lazımdır. Temperatur yüksək olduqda kondisionerdən istifadə edilə bilər.
R.Nemətovanın sözlərinə görə, kondisionerin filtrləri ildə ən azı bir dəfə təmizlənməli və ya dəyişdirilməlidir. Çirkli filtrlər havanın keyfiyyətinə mənfi təsir göstərə və mikroorqanizmlərin toplanmasına şərait yarada bilər.
“Uşağı birbaşa kondisionerin altında yerləşdirmək olmaz. Soyuq hava axını birbaşa uşağın üzərinə və bədəninə düşməməlidir. Kondisioneri başqa istiqamətə yönəltmək və ya uşağın yatağını, oyun yerini hava axınının qarşısından kənara çəkmək lazımdır”, - deyə pediatr qeyd edib.
Zeynəb Rzayeva
Bakı 











